Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFI AGENTLİYİNİN (KOBİA) DÖVLƏT-SAHİBKAR TƏRƏFDAŞLIĞININ İNKİŞAFI MƏRKƏZİ İLƏ RAYONUN BİZNES İMKANLARI MÜZAKİRƏ EDİLİB

21 iyun 2022 | 11:54

İyunun 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Daşkəsən rayonu ərazisində dövlət-biznes tərəfdaşlığı formatında investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun nəzərdə tutulan işlərin xüsusiyyətlərinə dair keçirilən müzakirələrində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, RİHBA-nın məsul işçiləri, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru Anar Salmanov, Mərkəzin layihələrin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev və Daşkəsən KOB dostu Muraz Məmmədov iştirak ediblər.

 “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tələbləri əsasında təşkil olunmuş görüşün məqsədi Daşkəsən rayonunun biznes imkanları barədə məlumat vermək, icra olunan layihələrdə sahibkarların fəal iştirakını, DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir.

RİH-nin başçısı Əhəd Abıyev rayon iqtisadiyyatı barədə məlumat verərək bildirib ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq Azərbaycanda iqtisadi rayonların yenidən təşkili nəticəsində milli rəqabətqabiliyyətli məhsul ixracı artacaq, ölkəmizə investorların sərmayə qoyması çoxalacaq, məşğulluq imkanları güclənəcək, yeni iş yerləri açılacaq, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcəkdir. Yeni yaradılan Gəncə-Daşkəsən iqtisadi rayonu ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdəndir. Bu iqtisadi rayonun tərkibində olan Daşkəsən rayonu isə əsasən qara və əlvan metallurgiya sənayesi və kənd təsərrüfatı üzrə ixtisaslaşmışdır. Prezident cənab İlham Əliyevin qeyri-neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində Daşkəsən rayonu son illər xeyli inkişaf etmiş və demək olar ki, ötən uğurlu illər ərzində rayonun sosial-iqtisadi, o cümlədən mədəni siması müasirləşərək tamamilə dəyişmişdir.

Əhəd Abıyev vurğulayıb ki,  ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən rayonunun bütün potensial imkanları nəzərə alınmaqla hərtərəfli sosial-iqtisadi inkişafını, mövcud problemlərinin uzaqgörənliklə həllini əsas vəzifə kimi qarşıya qoyan 53 bənddən ibarət kompleks layihə - "Yeni Daşkəsən" layihəsi elmi əsaslarla 2012-ci ildə hazırlanaraq rayon ərazisində geniş irimiqyaslı tikinti, quruculuq, abadlıq, təmir-bərpa işləri aparılmış, bir sıra iri infrastruktur layihələri icra edilmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə "Yeni Daşkəsən" layihəsində nəzərdə tutulan müddəaların mərhələli surətdə uğurla həyata keçirilməsi hazırda rayonun yeni çağırışlara uyğun inkişaf mərhələsi üçün tam zəmin yaratmışdır.

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru Anar Salmanov qeyd edib ki, post-pandemiya dövrünün iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri də DÖST mexanizminin tətbiqinin genişləndirilməsidir. Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə məlumat verən Anar Salmanov Daşkəsəndə həyata keçiriləcək irimiqyaslı layihələrdə DÖST mexanizminin tətbiqi imkanlarından geniş söz açıb, Mərkəzin Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilməsini diqqətə çatdırıb. Həmçinin bildirib ki, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi keyfiyyətli DÖST xidmətlərini həyata keçirmək üçün maarifləndirmə işləri aparır, bu sahədə qurumlar arasında institusional şəbəkə yaradır, müxtəlif təlimlər keçirir, məsləhət xidmətləri göstərir, kommunikasiya, təcrübə mübadiləsi və digər resurslara çıxış imkanlarını təmin edir, maliyyələşmə mənbələrindən istifadə imkanlarını dəstəkləyir.

Görüşdə Daşkəsənin bir sıra sosial-iqtisadi məsələləri müzakirə edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər