Daşkəsəndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) görüş keçirib və yeni yaradılan Daşkəsən “KOB Dostu”nun ofisi fəaliyyətə başlayıb
Mayın 13-də KOBİA və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Agentliyin əməkdaşları, rayonun hüquq-mühafizə orqalarının rəhbərləri, idarə, müəssisə və təşkilatları, rayon sahibkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdən əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ilə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışında deyib:
- Bu gün biz rayonumuzda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Daşkəsən “KOB Dostu” ofisinin fəaliyyətə başlaması münasibətilə toplaşmışıq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının, fərman və sərəncamların icrası nəticəsində ölkəmizin hərtərəfli iqtisadi inkişafını sürətləndirən, sahibkarlığın inkişafına güclü təkan verən kompleks tədbirlər həyata keçirilir, bunun üçün müxtəlif operativ qurumlar yaradılır.
Bu gün biz Daşkəsən “KOB Dostu”nu və keçmiş icra hakimiyyətinin inzibati binasında onun yeni yaradılmış ofisini rayon ictimaiyyətinə və sahibkarlara təqdim edəcəyik. Daşkəsəndə kiçik və orta biznesin inkişafı baxımından sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur. Daşkəsən ”KOB Dostu”nun rayonumuzda fəaliyyəti kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində və yeni biznes sahələrinin yaranmasında çox mühüm körpü rolunu oynayacaqdır.
Belə ki, Daşkəsən rayonuna hər zaman göstərdikləri diqqət və qayğıya görə və ölkəmizin ərazi bölgələrində, xüsusilə Qarabağımızın bütün sahələrində güclü qalib dövlət kimi hərtərəfli iqtisadi inkişafı sürətləndirərək kompleks tədbirlər planı yüksək səviyyədə həyata keçirilir. Bütün daşkəsənlilər və şəxsən öz adımdan Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin hörmətlə minnətdarlığımızı bildiririk.
Müstəqil Azərbaycan dövlətinin möhtərəm Prezidenti cənab İlham Əliyevə eşq olsun!
Qarabağ Azərbaycandır!
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov geniş məzmunlu nitqlə çıxış edərək sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB Dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi ölkənin ayrı-ayrı rayonlarında sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarları KOB dostu ilə sıx əməkdaşlığa dəvət edib, KOB Dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirib.
Görüşdə KOBİA-nın Daşkəsən rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB Dostu Məmmədov Muraz Elman oğlu rayon ictimaiyyətinə təqdim edilib, Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonar keçmiş İcra hakimiyyətinin binasında Daşkəsən “KOB Dostu”nun ofisinə baxış keçirilib.
Görüş çərçivəsində KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə uğurla icra edilmiş Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin iştirakçıları olan yerli arıçılarla görüşüb, onların müraciət və təkliflərini dinləyib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini