Daşkəsəndə kartof yığımına başlanılmışdır.
Kənd təsərrüfatı istehsalı və emalı sahəsinin inkişafı o cümlədən, cins heyvandarlıq, kartofçuluq və arıçılığın inkişafı istiqamətində Daşkəsən rayonunda həyata keçirilən əməli tədbirlər öz bəhrəsini verməkdədir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da kənd təsərrüfatının inkişafı və ərzaq bolluğunun yaradılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
18 sentyabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov rayonda kartof yığımı işləri ilə yerində tanış olmaq üçün əkin sahələrində olmuşdur. Kənd sakinləri və fermerlərlə görüşən V.Məmmədov onların problemləri ilə maraqlanaraq həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Daşkəsən rayonunda 2023-cü ildə ümumilikdə 400,2 ha kartof bitkisi əkilmişdir. Yerli relyef və iqlim şəraitinə uyğun olaraq əkin işləri ancaq dəmyə üsulu ilə aparılmışdır. Torpaqların münbitliyinin qorunması, bərpası, artırılması və mühafizəsi sahəsində aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər kompleks tədbirlərin hazırlanması nəzərdə tutulmuşdur və bu sahədə izahat işləri aparılımışdır. 34,27 hektar kartof sahəsində kolorado kartof böcəyi ilə əlaqədar yoluxma müşahidə olunmuş və 26,47 hektarda mübarizə işləri aparılıb. 1,4 ha mexaniki və 25,07 hektarda kimyəvi mübarizə aparılmışdır. 56,28 ha sahədə fitoftora xəstəliyi ilə bağlı yoluxma müşahidə olunmuş və 28,78 hektarda kimyəvi mübarizə işləri aparılmışdır. Məhsuldarlıq hər hektardan 15-20 ton təşkil edir.
Daşkəsən rayon İcra Hakimiyyəti və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən fermerlərə maşın və mexanizmlərin təşkil olunması üçün müvafiq köməklik göstərilir. Hazırda kartof yığımı işləri sürətlə davam etdirilir. Növbəti ildə kartof əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur.