Daşkəsəndə kartof səpini davam edir
Daşkəsən rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda da nümunəvi işlər görülür. Bunu ildən-ilə artan kartof sahələrindən əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir.
Ötən il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2024-cü ildə əkin sahələrini daha da genişləndiriblər.
Artıq bir aydır ki, kartof əkininə başlanılıb. Bununla əlaqədar əkinə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında lazımi dərinlikdə şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib. Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, bu il də daşkəsənli zəhmət adamlarının əməyi sayəsində bol və keyfiyyətli məhsul yetişdiriləcək. Əkində yüksək məhsuldar toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli kömək göstərilir.