Daşkəsəndə “İnsan hüquqları aylığı” çərçivəsində yuxarı sinif şagirdləri ilə maarifləndirmə aparılıb
İyunun 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon üzrə Təhsil Sektorunun və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Daşkəsən şəhəri A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov məktəblilərə mövzu haqqında ətraflı məlumat verib, “İnsan hüquqlarına ən böyük təhlükə: iqlim dəyişikliyi” mövzusunda çıxış edib. Vurğulayıb ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.
Samir Həsənov deyib ki, son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.
Samir Həsənov onu da diqqətə çatdırıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə “2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklər həyata keçirilir. Habelə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq respublikamızda iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri ilə bağlı məlumatlılığın artırılması istiqamətində maarifləndirmələr aparılır. Hazırda qlobal səviyyədə müzakirə mövzularından biri olan iqlim dəyişikliyi müxtəlif sahələrə öz təsirini göstərməklə insan hüquqlarının müdafiəsi və təmini baxımından da bir sıra çətinliklər yaradır. Dövlətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, elmi ictimaiyyət tərəfindən bu mövzuda davamlı müzakirələr aparılır və həll yolları araşdırılır.
Daşkəsən rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Ayxan Fərəcli bildirib ki, “İnsan hüquqları aylığı” çərçivəsində rayonun ümumthəsil məktəblərində tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş dəyərləri şagirdlər arasında geniş təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm, təbiətə qayğı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadaqət kimi keyfiyyətləri formalaşdırmaqdan ibarətdir.
Daha sonra şagirdlərin hazırladıqları referantlar dinlənilib və müzakirələr aparılıb. Məktəblilər insan hüquq və azadlıqlarının qorunması, hüququn yaranma tarixi və bu sahədə mövcud olan beynəlxalq sənədlər, ətraf mühiti qorumaq, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, öz fikirlərini ifadə etmək hüquqları barədə məlumatlandırılıblar.