Daşkəsəndə “İnsan hüquqları aylığı” çərçivəsində seminar keçirilib
İyunun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən seminarda RİH-nin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı aparan Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamla təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın bu sahədə ilk fundamental sənəd olduğunu, ölkəmizdə bu sahədə mühüm qanunvericilik və institusional islahatlar aparıldığını, Dövlət Proqramının sonrakı dövrdə Prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirildiyini bildirib.
Ruslan Məmmədəliyev “İnsan hüquqları və ətraf mühit” mövzusundakı məruzəsində diqqətə çatdırıb ki, qarşıdan 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün gəldiyini nəzərə alaraq, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin 18 may - 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan olunmuşdur. Aylıq çərçivəsində Daşkəsən rayonunda da keçirilən maarifləndirmə kampaniyalarında ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlərdən, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilindən irəli gələn mövzulara üstünlük verilmişdir. Eyni zamanda, şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, uşaqlar, ahıllar, bir sözlə sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmini məsələlərinə xüsusi həssaslıq göstərilmiş, hüquqi maarifləndirici vəsaitlərin hazırlanması, nəşri və əhali arasında yayılması, keçirilən tədbirlərin onlayn media, həmçinin sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması işində fəallıq nümayiş etdirilmişdir.
Seminar çərçivəsində hər bir insanın Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə məlumatlar verilib, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanun, bu qanundan irəli gələn hüquq və vəzifələr, o cümlədən ətraf mühitə zərər vurulması ilə bağlı tətbiq olunan cəza tədbirləri izah edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.