Daşkəsəndə ictimai iaşə xidməti və ət satışı ilə məşğul olan sahibkarlarla maarifləndirici görüş keçirilib
Sentyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsi əməkdaşlarının rayon ərazisində ictimai iaşə xidməti və ət satışı ilə məşğul olan sahibkarlarla görüşü keçirilib.
Tədbir rayonda iaşə xidməti, ət satışı sahəsindəki vəziyyəti nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik və tələblər barədə bir daha məlumatlandırmaq, xidmətlərin beynəlxalq tələblərə uyğun təşkilinə metodik kömək göstərmək, həmçinin müraciətləri dinləmək məqsədi daşıyıb.
Daşkəsənin turizm zonası olması, çoxsaylı qonaqların rayonda istirahətə gəlməsi xüsusi vurğulanaraq, ət satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, iaşə xidmətinin səviyyəsinin mövcud standartlara uyğun yüksəldilməsi, istehlakçıların hüquqlarının qorunması kimi məsələlər diqqət mərkəzində olub. Habelə ictimai iaşə müəssisələrində qida məhsullarının hazırlanması və çatdırılması, məhsulların təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim olunması üçün əməl edilməli zəruri qaydalar haqqında ətraflı məlumat verilib.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib və maarifləndirici materiallar paylanıb.