Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Heydər Əliyev və şanlı Zəfər tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

01 dekabr 2023 | 19:04

01 dekabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti YAP Daşkəsən rayon təşkilatı ilə birgə “Heydər Əliyev və şanlı Zəfər tariximiz”  mövzusunda elmi-praktik konfrans keçirmişdir.

Konfransda Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Azərbaycan Texnologiya Universitetinin rektorunun müşaviri Şahmar Həsənov, Azərbaycan Aqrar Universitetinin siyasi elmlər kafedrasının müdiri Azad Bayramov, şəhid ailələri, qazilər, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans nümayəndələri əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini  ziyarət edərək, əziz xatirəsini dərin ehtiramla yad edib, önünə gül-çiçək dəstələri qoyublar. 

Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransda Ümummilli lider  Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Heydər Əliyev və şanlı Zəfər tariximiz”  filmi nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov  qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. 2023-cü ilin əvvəlindən indiyədək Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çoxsaylı müxtəlif tədbirlər keçirilmişdir. Kollektivlərdə dəyirmi masalar, görüşlər, idman və bilik yarışları, rəsm sərgisi, ağacəkmə və iməciliklər təşkil olunmuşdur.

V.Məmmədov xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dahi insan, uzaqgörən lider, fitri istedada malik  fenomenal bir şəxsiyyət idi. O, öz həyatını doğma xalqına həsr etmiş, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri tariximizin qaranlıq səhifəsi kimi xatırlanır. O illərdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı vətəndaş müharibəsini yaşamaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran fəlakət həddinə çatmışdı. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, doğma Qarabağımızda qanlı döyüşlər gedirdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvimdən başlanan yol  tariximizə şanlı Zəfər səhifəsini yazdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı o illərin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi, düşünülmüş və məqsədyönlü siyasəti ilə  ölkəmizin  müstəqilliyini əbədi və dönməz etdi.

Danışıqların aparılması ilə yanaşı Ulu öndər Azərbaycan ordusunun formalaşmasına və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Hazırda Azərbaycanın silahlı qüvvələri müasir hərbi texnikayla təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək doyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli ordudur. Bu, həmin ordudur ki, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda zəfər bayrağımızı qaldırdı.

Çıxışına davam edən Vüqar Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hələ 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi cənab İlham Əliyevə dəstək göstərməyə çağırış etmişdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dahi şəxsiyyət  əmin idi ki, onun  axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Tarix bu fikirlərin nə qədər doğru olduğunu bir daha sübut etdi.

Əlamətdar və tarixi hadisələrlə qeyd etdiyimiz 2023-cü ili yola salmağa bir aydan az zaman qalıb. Bu il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. 24 saat davam edən lokal anti-terror tədbirləri nəticəsində Ermənistan və onun qeyri-qanuni qondarma strukturu tərksilah edilərək buraxılıb və Azərbaycan ərazilərindən tamamilə çıxarılıb.

2020-ci ildə olduğu kimi bu ilin sonlarına doğru ömrünü xalqının və dövlətinin tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Azərbaycan xalqı dövlətçilik və müstəqillik tarixinin daha bir möhtəşəm səhifəsini yaşamış oldu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən haqq savaşında rəşadətli ordumuz işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək torpaqlarımızı işğaldan azad etdiyi kimi, bu ilin sonunda da tarixi torpaqlarımıza - Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərəyə qayıdaraq dövlətimizin ərazi bütövlüyünü tam bərpa etdi.

Konfransda çıxış edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin 20 illik rəhbərliyi dövrünə qısaca nəzər salmaq aydın göstərir ki, bu dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Belə ki, bu dövrdə Azərbaycan dövləti beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində özünün olduqca təsirli rolunu və yerini müəyyənləşdirdi. Prezidentin və ölkəmizin uğurlarının əsasında Ulu Öndər Heydər Əliyev ideyaları dayanır. Bu ideyalara sadiqlik, Heydər Əliyev siyasi kursunun innovativ yanaşma ilə zənginləşdirilərək davam etdirilməsi sayəsində bugünkü uğurlarımıza çatmışıq. Heydər Əliyev kimi milli liderin bütün keyfiyyətlərinə malik olan cənab İlham Əliyev də hər bir azərbaycanlının layiqli lideri və Prezidenti oldu.

Daha sonra çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektorunun müşaviri Şahmar Həsənov, Azərbaycan Aqrar Universitetinin siyasi elmlər kafedrasının müdiri Azad Bayramov vurğulamışlar ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, şanlı Azərbaycan bayrağını vətənimizin qürur simvolu olan Şuşada dalğalandırdı. İndi öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyası reallıqlar yaratmış, onun nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev çıxışında 2020 - ci il sentyabrın 27 - də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-həmlə əməliyyatları başlayan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadığını deyib. Özünün yazdığı “Tarixi zəfər” adlı şeirini söyləyib.

Konfransda daha sonra ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif edilmiş Daşkəsən Rayon İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədova medalı təqdim edilmişdir.

Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatı tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə rayonun ictimai-siyasi həyatında və keçirilən tədbirlərdə fəallığına, partiyanın işində yaxından köməklik göstərdiyinə görə 8 nəfər Fəxri Fərmanla təltif olunmuş, YAP sıralarına yeni qəbul olunmuş üzvlərin partiya vəsiqələri verilmişdir.

Keçidlər