Daşkəsəndə "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda seminar keçirilib.
Noyabrın 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti rayon Heydər Əliyev Mərkəzi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda seminar təşkil edib.
“Heydər Əliyev İli” çərçivəsinə keçirilən seminarın məqsədi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Respublikasının inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin gənc nəslə öyrədilməsidir.
Seminar iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
RİHBA-nın məsul işçisi Elmar Əliyev giriş nitqində bildirib ki, Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılmış, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılmışdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. 44 günlük Vətən müharibəsindəki parlaq Zəfərimiz isə Ordumuzun gücünün və qüdrətinin bütün dünyaya göstəricisidir.
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova məruzəsində vurğulayıb ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, ildən ilə daha geniş şəkildə dəstəklənir, həyata keçirilir. Böyük Öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Seminarda həmçinin Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Məhərrəmova mövzuya dair çıxışlar ediblər.
Tədbirin sonunda “Heydər Əliyev Vətənin keşiyində” sənədli filmi nümayiş olunub.