DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNDA TOPLANTI TƏŞKİL OLUNUB
Fevralın 2-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda bir qrup daşkəsənli fəal gənclərlə təşkil olunmuş görüşü Mərkəzin direktoru Nailə Məmmədova açaraq məruzə ilə çıxış edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad olunub.
Nailə Məmmədova bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq Azərbaycanı müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Nailə Məmmədova məruzəsində deyib: “Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Həmin dövrdə 15000-dən artıq azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərildi. 1982-1985-ci illər ərzində bu say 3500-ə qədər çatmışdı.
Ölkə daxilində də gənc nəslin yetişdirilməsi istiqamətində işlər ən yüksək şəkildə davam etdirilirdi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi.
1988-1993-cü illərdə ölkədəki xaos vəziyyəti gənclər siyasətinə də ağır zərbə vurmuşdu. Gənclərin potensialından lazımınca istifadə edilmir, gənclər müxtəlif qruplaşmaların üzvlərinə çevrilir, təhsil müəssisələri dağılırdı. Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra gənclərlə iş ölkədə prioritetlərdən birinə çevrildi. Ulu öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Bu səbəbdən də hələ ölkədə gərgin siyasi mühitin olduğu bir dövrdə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlət başçısı fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltdi. Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Ümummilli lider bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi.
2 fevral 1996-cı ildə Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil Azərbaycanın tarixində həmin gün ümummilli liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Bu MDB və Şərqi Avropa ölkələri arasında ilk belə addım idi.
Bu gün arxaya baxdıqda görürük ki, ilk forumdan sonra müstəqil Azərbaycanda gənclərə olan münasibət kökündən dəyişib. Ötən illər ərzində gənclərin sosial problemlərinin həlli istiqamətində böyük işlər görülüb. Gənclərlə iş sahəsini genişləndirmək üçün imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar gənclərin fəaliyyətinə stimul verdi”.
RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə çıxışında bildirib: “Dövlətin gənclər siyasəti bu gün ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Ölkə başçısının müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən və gənclərə qayğıdan xəbər verir. Bu diqqət və qayğının nəticəsidir ki, son illər gənclərimiz ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə adekvat cavablar verildi.
Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Elə son günlərdə Cəbrayıl və Zəngilan rayonunda səfərdə olan ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncini və onların müharibə dövründəki fəaliyyətini belə şərh edib: “Biz qəlbində güclü Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar.”
Dövlət başçısının dediyi bu sözlər gənc nəslin öz dövlətinə, Vətəninə nə qədər dərin duyğularla bağlı olmasından, ölkəmizdə gənclərlə iş sahəsində görülən mütərəqqi işlərdən xəbər verir”.
Digər çıxış edənlər də qeyd ediblər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına təminat yaradır.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini