DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNDA DİSPUT KEÇİRİLİB
Yanvarın 31-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda disput keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Ziyalıların və gənclərin iştirak etdiyi disput-müzakirəni rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov açaraq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, istər sovet dövründə, istərsə də 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsaslı və köklü dəyişikliklər yaşanmışdır. Belə ki, Ulu Öndər tərəfindən Azərbaycan Gəncləri Günü təsis edilmiş, gənclərə bütün sahələr üzrə dövlət qayğısı göstərilmiş, gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunları qəbul olunmuş, ən əsası isə gənclərin dövlət idarəetməsində iştirakı təmin edilmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin yorulmaz uzaqgörən fəaliyyətinin nəticəsində Azərbaycan gəncliyi öz layiq olduğu mərtəbəyə yüksələ bilmişdir. Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə rəhbərlik edən möhtərəm cənab İlham Əliyevi yetişdirməsi olmuşdur. Yeni minillikdə Prezident cənab İlham Əliyevlə inamla addımlayan Azərbaycan gəncliyi əsrlərə bərabər inkişaf yolu keçmişdir.
RİHBA-nın məsul işçiləri Orxan Abbasov və Elmin Paşayev çıxışlarında vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində mətanətlə vuruşaraq xalqımızın ən yeni tarixini qızıl hərflərlə yazdı. Məhz gənclərimizin rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.
YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov isə çıxışında Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” sözlərini xatırladıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, qorunub saxlanılması üçün əvəzsiz xidmətlər göstərmişdir. Onun bir vətəndaş kimi xalqına və Azərbaycan dövlətçiliyinə necə fədakarlıqla xidmət etdiyini öyrənərək gələcək nəsillərə çatdırmalıyıq. Ulu Öndərin uğurlu siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan yaşayır və inkişaf edir. Çünki Ümummilli Liderimizin əsasını qoyduğu siyasət, strategiya onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Azərbaycan gəncliyinin bir hissəsi olan daşkəsənli gənclər də bu qayğını daim öz üzərilərində hiss edirlər və bu qayğını başa düşərək Azərbaycan Respublikasının inkişafı üçün öz layiqli töhfələrini əsirgəmirlər.
Disputda iştirak edən gənclər Ümummilli Lider Heydər Əliyevin ömür yolundan söhbət açaraq Ulu Öndərin xalq və Vətən qarşısında misilsiz xidmətlərini minnətdarlıq hissi ilə qeyd ediblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini