Daşkəsəndə "Heydər Əliyev İli"nə həsr olunmuş stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.
23-24 noyabrın tarixlərində “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə birincilik keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rayon üzrə Təhsil Sektoru və Gənclər və İdman Sektoru ilə birgə təşkil etdiyi "Heydər Əliyev İli"nə həsr olunmuş birciliyin məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği ilə yanaşı, rayonun ümumtəhsil məktəblərində təhsil alan gənclərin idmana, sağlam həyat tərzinə marağının artırılması, stolüstü tennis idman növünün təşviqi, həmçinin məktəblər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verilməsi olub.
Yarışın açılış hissəsində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi anılıb.
Çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş birinciliyin əhəmiyyətindən söz açaraq Ulu Öndər tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycanın idman siyasətinin bu gün onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.
Birincilikdə 38 nəfər məktəbli bacarığını göstərib. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qaliblər medal və diplomlarla mükafatlandırılıblar.