DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ “20 YANVAR HƏQİQƏTLƏRİNİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA NÖVBƏTİ TƏDBİR KEÇİRİLİB
“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
Heydər ƏLİYEV
Ümummilli Lider
Yanvarın 17-də Daşkəsən şəhər Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Daşkəsən şəhər Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva açaraq 20 yanvar şəhidlərinin cəsarətli şücaətindən söhbət açıb. Bildirib ki, xalqımızın mərd oğulları əliyalın, silahsız sovet ordusuna qarşı çıxaraq müstəqilliyimiz uğrunda mübarizənin başlanğıcını qoyub. Mətanət Abdullayeva imperiya dövründə heç bir yerdə Bakı hadisələri qədər genişmiqyaslı qırğınların törədilmədiyini söyləyərək faciə nəticəsində bir gecədə 130-dan çox insanın amansızcasına qətlə yetirildiyini, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, sovet ordusunun törətdiyi bu qanlı cinayət imperiyanın süqutuna təsir edib və əbədiyyətə qovuşan 20 yanvar şəhidləri müstəqillik yolunda xalqımızın cəsur oğulları üçün bir cığır açıb, minlərlə igid oğullarımız Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində şəhid olub.
Mətanət Abdullayeva çıxışında vurğulayıb ki, faciənin səhəri günü – 1990-cı il yanvarın 21-də ilk dəfə Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Bakıda törədilmiş kütləvi qırğınla bağlı etiraz səsini dünyaya çatdırmış, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini açıqlamış, təşkilatçılarının, günahkarlarının adını bəyan etmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Kənan Qurbanov çıxışında faciədən 33 il keçməsinə baxmayaraq, o gün yaşanan hadisələrin ilk günki kimi xatirələrimizdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu bildirib. Diqqətə çatdırıb ki, 20 yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlarından biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacarmışdır. Hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyevin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur. Kənan Qurbanov çıxışının sonunda deyib ki, 20 yanvar hadisələrini gənclərə təbliğ etmək hər bir Azərbaycanlının ən mühüm vəzifəsidir.
Tədbirdə digər çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, 33 il əvvəl baş verən hadisələri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndiriblər.
Sonra məktəblilərin vətənpərvərlik dolu çıxışları bir daha əmin edib ki, gənclərimiz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaq, onları daim dərin ehtiramla yad edəcəklər. Bakının, sadəcə, məkan olaraq deyil, həm də mənən ən yüksək zirvəsində salınmış Şəhidlər xiyabanı əsrlər keçsə də xalqımızın əbədi ziyarətgahı olacaq. Burada alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Bu məşəl öz odunu, alovunu şəhidlərimizin Vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürür. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini