Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ GÜCLÜ LEYSAN VƏ DOLU YAĞIŞLARI DAĞIDICI TƏBİİ FƏLAKƏTƏ SƏBƏB OLUB

11 iyun 2022 | 10:16

İyunun 10-nu saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağışları əsasən rayonun Çanaqçı, Zinzahal, Suqovuşan, Almalı və Alaxançallı kəndlərində körpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, sosial obyektlərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə, bünövrəsinə, əhalinin əkin sahələrinə və mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.

Sel suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdaraq aparıb. Alaxançallı kəndi ərazisində isə sel suları 4 körpünü dağıdıb, kəndarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, 4 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan olmayıb.

Rayon Fövqəladə Hallar Komissiyası leysan, dolu və subasmanın vurduğu ziyanların aidiyyəti qurumlarla birgə vaxtında aradan qaldırılması istiqamətində tədbirlər görülməsi üçün Nazirlər Kabinetinə müraciət edib. “Azərİşıq” ASC elektriklə bağlı ərazidə yaranmış problemləri qısa müddət ərzində tam aradan qaldırıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çanaqçı kəndində 1 ədəd körpünün tikintisi işlərini davam etdirir. Lakin Alaxançallı kəndinin yol və körpüləri hələ də bərpa olunmamış qalır. 

Çanaqçı, Alaxançallı, Zinzahal, Suqovuşan və Almalı kəndlərində fərdi yaşayış evlərinə, evlərin dam örtüklərinə, o cümlədən sosial obyektlərə dəymiş ziyanların qiymətləndirilməsi və hesablanması məqsədilə iyulun 1-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonuna ezam gələrək rayon FHK-nin üzvləri ilə birgə təbii fəlakət baş vermiş kəndlərdə vizual baxış keçiriblər. Dağıdıcı gücə malik təbii fəlakətdən ziyan çəkmiş sakinlərin hər birinin fərdi yaşayış evinə baş çəkilib, yerində akt tərtib olunub. Həmin aktın əsasında Nazirlər Kabinetinin  tapşırığı ilə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq işlər görüləcəkdir.

 Təbii fəlakətdən ziyan çəkmiş Daşkəsən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Habelə onların çağırışlarına hər zaman həssas münasibət göstərən Fövqəladə Hallar Nazirliyinə və şəxsən nazir hörmətli Kəmaləddin Heydərova təşəkkür ediblər. 

Dəymiş ziyanların aradan qaldırılması istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.

Keçidlər