Daşkəsəndə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində növbəti tədbir keçirilib.
Noyabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası rayonda aparılan “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasıçərçivəsində növbəti maarifləndirici tədbir təşkil edib.
Tədbirdə RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, RİHB yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, müəllimlər, psixoloqlar və gənclər iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.1-ci bəndinə əsasən təşkil olunan tədbiri Elxan Hüseynzadə giriş sözü ilə açıb. Elxan Hüseynzadə çıxışında Daşkəsən rayonunda gender zorakılığı ilə bağlı mövcud vəziyyət, gender zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib, rayonda bu sahədə vəziyyətin qənaətbəxş olduğunu vurğulayıb.
RİHBA-nın YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov gender əsaslı zorakılığın qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı təqdimatla çıxış edib.
Tədbirin sonunda suallar cavablandırılıb və gender əsaslı zorakılıq halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə RİH tərəfindən çap edilmiş buklet və kitabçalar paylanıb.