DAŞKƏSƏNDƏ GENDER ƏSASLI ZORAKILIQLA MÜBARİZƏ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB
Dekabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyəti “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici seminar təşkil edib.
Seminarda Daşkəsən Rayon İcra Hakimiyyətində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, Heydər Əliyev Mərkəzinin, Rayon Polis Şöbəsinin, rayon üzrə təhsil sektorunun, Gənclər və İdman İdarəsinin, Mədəniyyət Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanası PHŞ-in nümayəndələri, ümumtəhsil məktəblərinin psixoloqları və gənclər iştirak ediblər.
Seminar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın” 12.2.1-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyıb.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev giriş nitqi ilə çıxış edərək 25 noyabr tarixinin bütün dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, 10 dekabr tarixinin isə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edildiyini, bu iki tarix arasında dünyada beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının keçirildiyini bildirib. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində mütərəqqi qanunvericilik bazası yaradılmışdır. Habelə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür, ardıcıl tədbirlər həyata keçirilir.
RİHBA-nın YYÇİHMK-nın məsləhətçi-psixoloqu Rəşad Qurbanov məruzəsində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı Daşkəsən rayonunda görülmüş işlərdən danışıb, zorakılığa yol açan səbəblərin başında narkomaniya, təhsilsizlik, iqtisadi asılılıq, hüquqi bilgisizlik, patriarxal mədəniyyətin dayandığını vurğulayıb.
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova zorakılığa məruz qalan şəxslərin çox vaxt belə halları gizli saxladığını, aidiyyəti orqanlara gec müraciət edildiyini deyib və ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin, məişət zorakılığı sahəsində hüquqi maarifləndirmənin vacibliyini önə çəkib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov çıxışında erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, psixologiyalarına mənfi təsir göstərdiyini qeyd edib. Erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin bir sıra fəsadlar yaratdığını bildirib.
RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov isə insan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Bununla yanaşı o, uşaq və qadınlara qarşı zorakılığın səbəbləri, növləri, qarşısının alınması yolları və mənfi təsirləri, habelə onların hüquqlarının təmini və müdafiəsi, o cümlədən məişət zorakılığı, erkən nikah və təhsildən yayınma kimi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Rayon İcra Hakimiyyətinin çoxşaxəli fəaliyyətini diqqətə çatdırıb.
Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin psixoloqu Gülnarə Həmidova zorakılığa qarşı ilk növbədə ailələrdə və orta məktəblərdə maarifləndirmə aparılmasının və gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğunu deyib. Bunun üçün məktəb psixoloqları və valideynlərin daim əlaqəli işləməsinin vacibliyini qeyd edib.
Seminarın sonunda iştirakçılar gender əsaslı zorakılığa qarşı tədbirlərin davamlı olması və bu sahədə maarifləndirmənin bundan sonra da gücləndirilməsi barədə təkliflər səsləndiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini