Daşkəsəndə gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici tədbir təşkil olunub
Mayın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon üzrə Gənclər və İdman Sektorunun, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin və rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbdə gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Çıxışlar zamanı tütünün, spirtli içkilərin və narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına vurduğu sağalmaz zərərlər haqqında geniş bəhs edilib. Diqqətə çatdırılıb ki, sağlam həyat tərzi- insanın davranış risk faktorlarına nəzarət etməklə sağlamlığı qorumağa və qeyri-infeksion xəstəliklər riskini azaltmağa kömək edən yaşam tərzidir. Sağlam həyat tərzi tütündən, alkoqoldan və narkotik vasitələrdən imtina, balanslaşdırılmış qidalanma, fiziki aktivlik (məşq, idman və s.), bədən və psixi sağlamlığın möhkəmləndirilməsi üzrə digər tədbirləri əhatə edir. Həyat tərzi prinsipləri adətən gənc yaşlarda möhkəmlənir, ona görə də, sağlam həyat tərzini inkişaf etdirmək üçün həmin yaşlarda sağlam həyat tərzinin formalaşması vacibdir.
Görüşdə şagirdlərə sağlam həyat tərzini təbliğ edən məlumat vərəqələri paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.