DAŞKƏSƏNDƏ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ TƏBİİ FƏLAKƏT BAŞ VERMİŞ ƏRAZİLƏRƏ BAXIŞ KEÇİRİB
Məlum olduğu kimi, bu ilin iyun ayının 10-da və 24-də Daşkəsən rayonuna yağmış dolu ilə müşayiət olunan intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə, avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. Sel suları Çanaqçı kəndində 1 körpünü, Alaxançallı kəndində isə 4 körpünü tamamilə dağıdıb, 3 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.
Rayon Fövqəladə Hallar Komissiyası leysan, dolu və subasmanın vurduğu ziyanların aidiyyəti qurumlarla birgə vaxtında aradan qaldırılması istiqamətində tədbirlər görülməsi üçün Nazirlər Kabinetinə müraciət edib. “Azərİşıq” ASC elektriklə bağlı ərazidə yaranmış problemləri qısa müddət ərzində tam aradan qaldırıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çanaqçı kəndində 1 ədəd körpünün tikintisi işlərini davam etdirir. Lakin Alaxançallı kəndinin yol və körpüləri hələ də bərpa olunmamış qalır. Bu da Alaxançallı kənd sakinlərinin narazılığına səbəb olub.
Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində fərdi yaşayış evlərinə, evlərin dam örtüklərinə, o cümlədən sosial obyektlərə dəymiş ziyanların qiymətləndirilməsi və hesablanması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonuna ezam gələrək rayon FHK-nin üzvləri ilə birgə təbii fəlakət baş vermiş kəndlərdə vizual baxış keçiriblər. Dağıdıcı gücə malik təbii fəlakətdən ziyan çəkmiş sakinlərin hər birinin fərdi yaşayış evlərinə baş çəkilərək yerində akt tərtib olunub.
Güclü dağıdıcı təbii fəlakətdən ziyan çəkmiş Daşkəsən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Habelə onların çağırışlarına hər zaman həssas münasibət göstərən Fövqəladə Hallar Nazirliyinə və şəxsən nazir hörmətli Kəmaləddin Heydərova təşəkkür ediblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini