DAŞKƏSƏNDƏ “ERKƏN NİKAHA VƏ MƏİŞƏT ZORAKILIĞINA YOX DEYƏK” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
İyulun 27-də Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.2-ci (Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğular keçirilməsi) ilə 12.2.4-cü bəndinin (Səhiyyə işçiləri, daxili işlər və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbirlərinin keçirilməsi), habelə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.1-ci bəndinin (Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi) icrasını təmin etmək məqsədilə erkən nikah və məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə keçirilib.
RİH-nin inzibati binasında təşkil olunmuş tədbirdə Daşkəsən RİHBA yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri, rayon Polis Şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, QHT mənsubları, məktəb müəllimləri, psixoloqlar və könüllü gənclər iştirak ediblər.
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev Daşkəsən rayonunda məişət zorakılığının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə görülən ardıcıl işlərdən və bu sahədə mövcud vəziyyət barədə ətraflı məlumat verib.
RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah mövzusunda çıxış edib.
RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələbləri, Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığından zərərçəkmiş şəxsə verilən mühafizə orderi haqqında danışıb, həmçinin məişət zorakılığının tibbi-psixoloji nəticələrini izah edib və qarşısının alınması üçün Daşkəsən rayonunda görülən zəruri tədbirlərə nəzər salıb.
Daha sonra mövzu ilə əlaqədar müzakirə aparılıb, suallar cavablandırılıb və qısametrajlı filmə baxış keçirilib.
Tədbirin sonunda RİH tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini