Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “ERKƏN NİKAH PROBLEMİ VƏ MƏİŞƏT ZORAKILIĞI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

21 oktyabr 2022 | 16:23

Oktyabrın 21-də Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və məişət zorakılığı” mövzusunda seminar keçirilib.

Seminar Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq olunmuş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 5.1.4-cü və 5.1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi daşıyıb. 

Seminarda Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, erkən nikahlar uşaqların – həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsil almaq həvəsini və imkanlarını azaldır, reproduktiv sağlamlığa da təhlükə yaradır.

Eyni zamanda Elxan Hüseynzadə məişət zorakılığından da bəhs edib. Bildirib ki, məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Çünki məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdiddir.

Çıxış edən Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və digərləri problemin həll olunması üçün xüsusilə valideyn, müəllim və məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin əhəmiyyətini vurğulayıb və maarifləndirici materialların geniş tətbiq edilməsinin vacibliyini nəzərə çatdırıblar. 

Sonra erkən nikah və məişət zorakılığının fəsadlarından bəhs edən sosial çarx nümayiş etdirilib.

Seminar iştirakçıların sualları ətrafında diskussiya ilə davam edib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini 

Keçidlər