DAŞKƏSƏNDƏ ERKƏN NİKAH, MƏİŞƏT ZORAKILIĞI VƏ TƏHSİLDƏN YAYINMA HALLARINA QARŞI NÖVBƏTİ MAARİFLƏNDİRMƏ KEÇİRİLİB
Mayın 23-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının rayon Polis Şöbəsi və Təhsil Sektoru ilə birgə Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbdə keçirdiyi maarifləndirici görüşdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə, təhsil işçiləri, yuxarı sinif şagirdləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən RİHBA-nın YYÇİHMK-nin məsul katibi İlahə Xıdırova diqqətə çatdırıb ki, Daşkəsən RİH müvafiq dövlət qurumları və QHT-lərlə əməkdaşlıq çərçivəsində erkən və qohum nikahlarına, məişət zorakılığına və təhsildən yayınma hallarına qarşı davamlı iş görür, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. İlahə Xıdırova vurğulayıb ki, sosial məsələlərin həllində maarifçilik, insanlarla ünsiyyət, izahat işlərinin aparılması daha effektiv nəticə verir. Çünki sözügedən məsələlərin cəmiyyətdə ifrat dərəcədə problemə çevrilməsi bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. “Məişət zorakılığı və erkən nikah bir-biri ilə bağlı olan proseslərdir, – deyən məsul katib bildirib. – Statistik rəqəmlərə baxsaq, erkən nikahın qurbanı olan qızlarımızın əksəriyyəti məişət zorakılığına və insan alverinə məruz qalırlar. Bu halların sayının azaldılması üçün dövlət tərəfindən ciddi addımlar atılır. Ən əsası odur ki, təhsilin, savadlılığın artırılması, uşaqların təhsilinə cəlb olunması günün tələbidir”.
Tədbirdə digər çıxış edənlər də erkən nikah, məişət zorakılığı və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, habelə RİH tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar veriblər, sualları cavablandırıblar.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirin sonunda maarifləndirici bukletlər paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini