Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ƏHƏD ABIYEV GƏNC YAZAR ETİBAR HƏSƏNZADƏNİN YARADICILIQ TƏDBİRİNDƏ İŞTİRAK EDİB

04 iyul 2022 | 17:16

İyulun 4-də Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində daşkəsənli gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Etibar Həsənzadənin “Şuşa ili” çərçivəsində “Şuşa – Zəfərin zirvəsi” başlığı altında hazırladığı ədəbi-bədii videokompozisiyasının təqdimatı keçirilib. Təqdimat Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” fərdi layihəsi daxilində ərsəyə gəlib.

            Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ziyalıları, şəhid valideynləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

            RİH-nin başçısı Əhəd Abıyev tədbir iştirakçılarını salamladıqdan sonra gənc yazar Etibar Həsənzadəni ötən dövrlərdə əldə etdiyi zəngin yaradıcılıq uğurları münasibətilə təbrik edib, nitq söyləyib:

            - Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  2022-ci il “Şuşa ili” elan edilmişdir. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

            44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini erməni işğalından azad etdi. Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi yazıldı.

            Bu gün Prezident cənab İlham Əliyevin şəxsən diqqət və qayğısı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Qısa müddət ərzində Şuşa şəhərinin baş planı hazırlanmış, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarılmış, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirilmişdir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin təşkili, beynəlxalq tədbirlərin keçirilməsi, hazırda şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpası üzrə başlanmış və sürətlə aparılan işlər göstərir ki, tezliklə Şuşanın əvvəlki dolğun mədəni həyatı bərpa ediləcəkdir.

            Şuşa mövzusu vətənpərvər şair Etibar Həsənzadənin də yaradıcılığında öz parlaq bədii əksini tapmışdır. “Şuşa ili” çərçivəsində Etibar Həsənzadənin böyük məhəbbət hissi ilə qələm verdiyi iki hissəli “Şuşa” poeması, “Şuşa bəyannaməsi” və “Sarsılmaz dostluq” şeirləri xalqımızın zəfər ovqatından qaynaqlanmışdır. “Şuşa ili”nə töhfə olaraq həmin şeirlər əsasında hazırladığı videokompozisiyalar gənc nəslin vətənpərvərlik tərbiyəsində gözəl vəsaitdir.

            Gənc yazar Etibar Həsənzadə fiziki qüsurlu, əlil arabasında oturmasına baxmayaraq, onun əsl ziyalı, maarifçi obrazı, həyata, Vətəninə bağlılığı bütün gənclərə nümunədir. Etibar Həsənzadənin onlarla bədii kitabı işıq üzü görmüş, əsərləri nüfuzlu nəşrlərdə ölkəmizdə və xaricdə yayımlanmışdır. O, bir çox nüfuzlu təşkilatların mükafat və diplomları ilə təltif olunmuşdur.

            Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanmışdır. Bir daha da Etibar Həsənzadəyə zəngin yaradıcılıq uğurları, uzun ömür arzulayır, ondan yeni-yeni əsərlər gözləyirik.

            Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin nitqindən sonra Şuşa ilə bağlı videokompozisiyalara baxış keçirilib. Etibar Həsənzadənin şeirlərini aktyor Əjdər Zeynalov, əməkdar artistlər Sərvər Əliyev və Kəmalə Məmmədova səsləndiriblər.

            Tədbirdə çıxış edən qazi Ceyhun Əliyev və digər rayon ziyalıları Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləyib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Məktəblilər isə Etibar Həsənzadənin şeirlərini oxuyublar.

 

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər