DAŞKƏSƏNDƏ ƏHALİ ÜÇÜN FİZİKİ AKTİVLİYƏ DAİR MAARİFLƏNDİRİCİ MATERİALLAR PAYLANIB
Noyabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Gənclər və İdman İdarəsi ilə birgə sağlamlıq naminə fiziki aktivliyə dair maarifləndirici materiallar hazırlayaraq Daşkəsən rayon əhalisi arasında təşviq ediblər.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Republikasının 2022-2026-cı illərdə sosial-iqtisadi Strategiyası”nın Tədbirlər Planının 3.3.7-ci bəndinin 2-ci və 3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə keçirilib. Əvvəlki illərdə olduğu kimi əsas hədəf qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün əhali arasında fiziki aktivliyi, sağlam həyat tərzini təbliğ etmək olub.
Hazırlanan maarifləndirici bukletdə fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın 3 əsas prinsipi, suyun faydaları, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatlar əksini tapıb.
Maarifləndirici materialları sakinlərə paylayan Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəhrəman Hüseynov və rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov izahat işləri apararaq fiziki hərəkətsizliyi, oturaq həyat tərzini, habelə tütündən istifadə və tüstüsünə məruz qalmanı, alkoqollu içkilərdən ifrat istifadəni, qeyri-sağlam qidalanmanı, zərərli vərdişləri qeyri-infeksion xəstəliklərin risk faktorlarına aid olduğunu vurğulayıblar. Həmçinin fiziki aktivliyin sağlamlığa müsbət təsirinin vacibliyi və sağlam qidalar haqqında məlumat verib, sualları cavablandırıblar.
Daşkəsəndə sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici təşviqat işləri davam etdiriləcəkdir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini