Daşkəsəndə əhali arasında sağlamlıq naminə fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən sağlamlıq naminə fiziki aktivliyə dair hazırlanmış maarifləndirici materiallar əhalinin müxtəlif təbəqələrinə, o cümlədən işləyən əhaliyə təqdim olunub və maarifləndirici söhbətlər aparılıb.
Görüşlərdə bildirilib ki, fiziki aktivlik enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi fiziki hərəkətlər qeyri-infeksion xəstəliklərin yaranmasının qarşısını alır. Fiziki aktivlik bədəni daha enerjili edərək depressiya, qorxu və stresdən qoruyur. Habelə ömrü uzadır, daha sağlam və xoşbəxt yaşamağı təmin edir.
Fiziki aktivlik əzələləri, xüsusilə ürək və tənəffüs sistemi əzələlərini, sümükləri möhkəmləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır, 2-ci tip şəkərli diabet, xərçəng, piylənmə, osteoporoz (sümüklərin kövrəkləşməsi), yüksək qan təzyiqi (hipertoniya), ürəyin işemik xəstəlikləri, beyin insultu riskini azaldır, enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.
Fiziki aktivlik dedikdə təkcə qaçış və ya sürətlə qaçış, velosiped sürmək, aerobika və digər idman məşqləri deyil, həm də gündəlik aktivlik, məsələn, sürətli gəzinti, pilləkənlərlə qalxmaq və enmək, ev işlərinin görülməsi, rəqs etmək və digər aktiv əyləncələr də nəzərdə tutulur.
Fiziki aktivlik insanın tək əzələlərini deyil, sinir sistemini də möhkəmləndirir. Stres zamanı insan orqanimində ciddi hormonal dəyişikliklər baş verir, əlavə enerji əmələ gəlir. Bu insan orqanizminin qoruyucu mexanizmidir. Stres baş verdikdə orqanizm qaçmağa, özünü xilas etməyə, vuruşmağa hazırlaşır. Müasir insanlar bunun heç birini etmir və əmələ gəlmiş əlavə enerji orqanizmdə qalaraq onu dağıtmağa başlayır. Bu baxımdan fizki aktivlik həmçinin sinir-psixiki gərginliyi azaldır. Bu xüsusilə əqli fəaliyyətlə məşğul olan insanlar üçün vacibdir.
Göründüyü kimi bir çox xəstəliklərin səbəbi məhz fiziki passivlikdir. Odur ki, gəlin sağlam həyat naminə fiziki aktiv olaq! Fiziki aktivlik sağlamlığın və cavanlığın təməlidir.