Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına həsr olunmuş tədbir keçirilib

20 fevral 2024 | 12:27

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarında kargüzarlıq işlərin aparılmasına məsul şəxslər, Azərbaycan dili və ədəbiyyat müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov bildirib ki, dil hər bir millətin maddi və mənəvi varlığını qoruyan və inkişaf etdirən əvəzedilməz ən mühüm və ən güclü vasitədir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Çünki dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın tükənməz milli sərvətidir.

Vüqar Məmmədov vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparmış, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirmişdir. Bunun nəticəsidir ki, 1970-ci ildən başlayaraq Azərbaycan dili elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Dahi rəhbər ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur.  

Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsinə zərurət yarandı. Ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində daha qətiyyətli addımlar atıldı. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Ümummilli Liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən, latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanılmışdır. Ölkə prezidentinin 2013-cü  il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul edilməsi dövlət-dil siyasətinin bütün parametrlər üzrə həyata keçirilməsinə şərait yaratmışdır. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli Sərəncam dilçi alimlərin fəaliyyətinin koordinasiya olunmasına və səylərin birləşdirilməsinə şərait yaratmışdır.

Ölkə başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının daha bir nümunəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır. Bu fərman Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur.

Digər çıxış edənlər də qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan "ana dili" və ya "doğma dil" anlayışlarının hazırkı dövrdə qorunmağa və möhkəmləndirilməyə daha çox ehtiyac duyulmasından, dilimizin saflığına və özünəməxsusluğuna xələl yetirmədən zənginləşdirilməsinin vacibliyindən bəhs ediblər. Xüsusilə diqqətə çatdırılıb ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə rəhbərimiz cənab İlham Əliyevdir.

Tədbir mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Keçidlər