Daşkəsəndə daşınmaz əmlakın icbari sığorta olunması ilə bağlı görüş keçirilib
Martın 4-də Daşkəsən Rayon İcra Hakimiyyəti və “PAŞA Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı aparatının və "PAŞA Sığorta" ASC-nin Gəncə nümayəndəliyinin məsul əməkdaşları, o cümlədən rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov geniş məzmunlu çıxışında bildirib ki, yüksək dağlıq relyefdə yerləşən Daşkəsən rayonunda intensiv leysan yağışları, dolu, qar, sel suları, habelə güclü küləklər, qasırğa tez-tez təbii fəlakətlərə səbəb olur. Nəticədə sakinlərin yaşayış evlərinə, əmlaklarına ciddi zərərlər dəyir, əhəmiyyətli maliyyə itkiləri yaranır.
Daşınmaz əmlakın təbii fəlakət, yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənir. Dəymiş ziyanların aradan qaldırılması funksiyasını iqtisadi qurum kimi sığorta təşkilatları həyata keçirir. Hər bir dövlətin sığorta sahəsini inkişaf etdirməkdə məqsədi əhalini, iş adamlarını xoşagəlməz hallar nəticəsində meydana gələn zərərlərdən müdafiəsini gücləndirməkdir. Çünki dövlətin başlıca vəzifəsi əhalinin rifahını qorumaq, onu yüksəltməkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə qeyd etdiyi kimi, Azərbaycanda sosial dövlət modeli formalaşıb. Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə formalaşmış sosial dövlət modelinin xarakterinə uyğundur. Az əvvəl səsləndirdiyimiz faktlardan göründüyü kimi rayonumuzda da əhəmiyyətli miqyasda təbii fəlakətlər, yanğın və digər hadisələr baş verir. Bunlar qaçılmazdır və əhalimizin rifahı baxımından ciddi fəsadlar, zərərlər yaradır. Bu zərərlərin miqyası onunla üzləşən əhali, o cümlədən iş adamları üçün ciddi maliyyə həcminə malikdir. Belə hadisələrdən irəli gələn maliyyə itkiləri ilə üzləşən vətəndaşlarımız ilk növbədə yardım üçün dövlətə, onun qurumlarına müraciət edir. Təbii ki, dövlət də özünün sosial dövlət mahiyyətinə sadiq qalaraq vətəndaşına biganə qalmır. Unutmamalıyıq ki, dövlət büdcəsinin vəsaitləri əsasən fiziki və hüquqi şəxslərin vergi ödənişləri hesabına formalaşır. Deməli, maliyyə yükü yenidən əhaliyə və biznesin üzərinə qayıtmış olur. Belə olan halda xoşagəlməz hadisələr nəticəsində yaranan zərərlər riskinin sığorta sektoruna ötürülməsi həm əhalinin, həm biznesin, həm də dövlətin maliyyə yükünün azaldılmasına imkan verir.
Daşınmaz əmlakın icbari sığortası mexanizmi vasitəsilə dövlət bir tərəfdən öz vətəndaşını və iş adamını təbii fəlakətlər, yanğın və digər hadisələrdən yaranan ciddi maliyyə itkilərindən müdafiə sistemini gücləndirir, digər tərəfdən isə təbii fəlakətlər zamanı dövlətin maliyyə yükünü azaldır, vergi daxilolmalarından formalaşan dövlət büdcəsini gözlənilməz, planlaşdırılmayan xərclərlə qarşı-qarşıya qoymur. Ödənilən vergilər ictimai və dövlət xidmətlərinin fasiləsizliyinə, sosial inkişaf proqramlarının stabil olaraq maliyyələşdirilməsinə yönəlmiş olur.
Bununla belə, müşahidələr göstərir ki, rayonumuzda daşınmaz əmlakın icbari sığortası tam kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını (mənzillərini) sığorta etdirməkdən yayınır. Sakinlərin çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyə həvəs göstərmir. Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Eyni zamanda, mənzillərin və fərdi yaşayış evlərinin mülkiyyətçilər tərəfindən vaxtında sığorta edilməsi baş verə biləcək qeyri-adi hadisələr zamanı qaçılmaz zərərlərin qarşısının alınmasında onlar üçün faydalıdır və belə hadisələr baş verdikdə lüzumsuz narazılıqlar, sosial gərginliklər yaranmaz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2014-cü il tarixli Fərmanına əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edilmişdir və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənzillərin icbari qaydada sığortalanmasına nəzarət yerli icra hakimiyyətlərinə həvalə olunmuşdur. Odur ki, bu istiqamətdə rayonda görülmüş çoxsaylı təqdirəlayiq işlərə baxmayaraq, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, habelə idarə, müəssisə və təşkilatlar tərəfindən bu istiqamətdə işlərin günün tələbləri səviyyəsində qurulmasını daha da gücləndirməkvə əhali arasında maarifləndirmə işlərini mütəmadi olaraq aparmaq vacibdir.
"PAŞA Sığorta" ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri Saleh Nəsibli çıxış edərək bildirmişdir ki, Daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi” barədə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanına əsasən daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Bununla yanaşı, qanuna əsasən sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur.
Tədbirdə həmçinin vurğulanıb ki,əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, insanların sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsi tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılmasını və sığortaya inamın yüksəldilməsini əhatə etməlidir.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər paylanıb.