Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib

29 dekabr 2023 | 09:42

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib.

Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

Tədbir iştirakçıları ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun fəaliyyəti, eləcə də “Çovdar" mədənində hasilat prosesi və nəm tullantıların idarə olunması prosesi ilə tanış olublar.

“AzerGold” QSC-nin Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərindən hasil edilən qiymətli metal filizlərinin emalında  texniki və iqtisadi səmərəliliyin daha da artırılması məqsədilə inşa olunan zavodun tikinti-quraşdırma işləri, tətbiq edilən texnologiya və istehsal imkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2017-ci ildən “Çovdar” qızıl mədənində aktiv hasilat fəaliyyətinə başlayan “AzerGold” QSC, eyni zamanda sözügedən yatağın ehtiyatlarının artırılması məqsədilə geniş geoloji tədqiqatlar həyata keçirib. Nəticədə qızıl mədəninin ehtiyatlarının artırılması, cinahlarda “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağının kəşfinə, SSRİ dövründə kəşf edilmiş “Tülallar” qızıl yatağınin geniş tədqiqinə və sözügedən yataqların istismara verilməsinə nail olunub. Bununla “Çovdar” mədənində oksid filizləri ilə yanaşı, kəşf edilən tranzit və sulfid filizləri hesabına satılabilən qızıl ehtiyatları 179 min unsiyadan 609 min unsiyayadək artırılıb, mədənin istismar müddəti 2029-cu ilədək uzadılıb. Cinahlarda yerləşən mədənlər hesabına isə ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırılıb.

Bildirilib ki, “Çovdar” və cinah yataqlarından hasil edilən qiymətli metal filizlərinin emalı prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməsi məqsədilə 2020-ci ildə Çovdar Filiz Emalı Sahəsinin bazasında ÇİRES təşkil edilib. Ümumi sahəsi 502 hektar olan regional emal sahəsində inşa edilən yeni zavodun təyinatı “Çovdar” və cinah mədənlərində hasilat və istehsalat prosesinin daha mürəkkəb, əməliyyat xərclərinin daha yüksək olduğu mərhələdə - Sulfid fazasında filizlərin emalının optimal texnoloji üsulla həyata keçirilməsidir. Belə ki, illik 1.1 milyon ton filizüyütmə potensialına malik olan zavodun fəaliyyəti ilə filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın 90%-dək çıxımı təmin olunacaq. Qızıl mədənlərinin Oksid fazası üzrə isə maksimum səmərəliliyin təmin edilməsi üçün topa qələviləşdirmə (HLP – Heap Leach Pad) texnologiyası tətbiq edilir.

Tanışlıq səfəri çərçivəsində bildirilib ki, ÇİRES-də çəndə qələviləşdirmə texnologiyası Böyük Britaniyanın beynəlxalq nüfuzlu “Micon International Co Limited” şirkətinin hazırladığı texnoloji dizayn əsasında layihələndirilib. Türkiyənin “Maqro Construction” şirkətinin əsas podratçı qismində iştirakı ilə inşa edilən, Almaniya, İsveç, İsveçrə, Kanada və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz olunan zavod, eləcə də tikinti-quraşdırma işləri həyata keçirilən Nəm tullantı anbarı, Qoşqarçay çayından çəkilən texniki su boru xətti və digər köməkçi infrastruktur obyektləri ümumilikdə 22 ay ərzində tam hazır vəziyyətə gətirilib.

Layihənin icrası zamanı yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq bütün növ təhlükəsizlik normalarına ciddi riayət olunub. Layihə üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təsdiq edilmiş Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədinə əsasən, istehsalatın yüksək ekoloji norma və standartlara uyğunluğu tam təmin edilib. Zavodda işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müvafiq idarəetmə sistemi qurulub. 

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən Çəndə Qələviləşdirmə Zavodunun inşası üçün tələb olunan 236 milyon manata yaxın vəsaiti dövlət büdcəsinə əlavə yük yaratmadan, daxili imkanlar hesabına təmin edilib. Bölgələrdə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə hesab edilən layihənin icrası ilə ÇİRES-də daha 101 nəfərlik daimi iş yeri yaradılıb. Bununla “Çovdar” layihəsinin birbaşa və dolayı effekti nəzərə alınmaqla regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 1600 nəfərə çatıb. Yeni zavodun tam gücü ilə fəaliyyətə başlaması regional sosial-iqtisadi inkişafa müsbət təsir etməklə yanaşı, qiymətli metalların ixrac potensialının genişlənməsi ilə ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft-qaz sahəsinin dayanıqlı inkişafına da öz töhfələrini verəcək.

Keçidlər