Daşkəsəndə "Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi" mövzusunda görüş keçirilib.
Noyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Peşə məktəbi ilə birgə "Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası,xüsusilə onların peşə təhsilinə yönləndirilməsi" ilə bağlı rayonda görülən işlərin müzakirəsinə dair görüş təşkil edib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.12-ci bəndinin icrası məqsədi daşıyıb.
Daşkəsən rayon Peşə məktəbində keçirilən görüşü giriş nitqi ilə açan RİHBA-nın məsul işçisi Elmar Əliyev bildirib ki, Daşkəsən rayonunda da uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi daim diqqət mərkəzində saxlanılır. Hazırda rayon əhalisinin 9818 nəfəri uşaqlardır. Onlardan 2619 nəfəri ümumtəhsil məktəblərinə, 79 nəfəri məktəbə hazırlıq qruplarına, 255 nəfəri məktəbəqədər təhsil müəssislərinə cəlb olunmuşdur.
Rayonda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili də uşaqlarla bağlı həyata keçirilən işlərin mühüm tərkib hissəsini təşkil edir. Hazırda Daşkəsənin ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud 34 nəfər uşaq fərdi təhsilə cəlb edilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarıdır. Dövlət uşaq siyasətinin humanizm və xeyirxahlıq prinsiplərini rəhbər tutaraq rayonumuzda həm dövlət uşaq müəssisələrində, həm də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara geyim dəstləri və dərs ləvazimatları verilir, onların səmərəli asudə vaxtları təşkil olunur. Habelə uşaqlar arasında sorğular aparılaraq onların maraqları daim öyrənilir.
2023-cü ilin ötən dövründə rayon üzrə valideyn himayəsindən məhrum olmuş uşaqların himayə və qəyyumluğa verilməsi və övladlığa götürülmə olmamışdır.
Habelə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə rayonda fəaliyyət göstərən aidiyyəti dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır.
Rayonda peşə təhsili infrastrukturunun yaxşılaşdırılması, texniki-peşə məktəbində təlim-tərbiyə prosesinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir.Hazırda rayon üzrə 160 nəfər peşə təhsilinə cəlb olunmuşdur ki, onlardan 36 nəfəri xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Peşə təhsili xüsusi qayğıya ehtiyacı olan uşaqlara çox müsbət təsir edir. Eyni zamanda peşə təhsili onlara özünə inam hissini qazandırmaq, cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Keçirilən təlimlər vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif peşə sahələrini öyrənməklə gələcəkdə iş tapmaq imkanlarının yaranması üçün ilkin addımlar atırlar, əlaqələr qurmağı öyrənirlər, informasiya əldə edirlər, özlərini tək, təcrid olunmuş hiss etmirlər, asudə vaxtlarını səmərəli və maraqlı keçirirlər, intellektual səviyyələrini artırırlar, ictimaiyyətlə sıx əlaqə saxlaya bilirlər. Peşə hazırlığı kursunu başa vuran bu gənclərin yenicə yiyələndikləri peşə bacarıqları onların əmək bazarına çıxışının asanlaşmasına, səmərəli məşğulluqlarının təminatına mühüm dövlət dəstəyidir.
Daşkəsən rayon Peşə məktəbinin müəllimləri Şahin Kazımov, Cümşüd Alıyev və digərləri çıxışlarında vurğulayıblar ki, uşaqlar yeni peşələr öyrənməyə çox maraqlıdırlar və yaxşı başa düşürlər ki, onlar öyrəndikləri sənətlər əsasında gələcəkdə özləri üçün işlər qura bilərlər.