DAŞKƏSƏNDƏ “AZERGOLD” QSC VƏ "REGIONAL İNKİŞAF" İCTİMAİ BİRLİYİNİN TƏŞKİLATÇILIĞI İLƏ EKOLOJİ AKSİYA KEÇİRİLİB
İyunun 5-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə sayğı, gələcəyə qayğı” devizi altında ekoloji aksiya keçirilib.
Aksiyanın əsas məqsədi ətraf mühitin qorunması, zərərverici həşəratlarla mübarizədə mühüm rol oynayan quş növlərinin sayının artırılması, həm də ətraf mühitə sevgi və qayğı hisslərinin aşılanmasına dəstək olmaqdır.
Daşkəsən şəhərində təşkil edilən aksiyada rayon İcra hakimiyyətinin və Cəmiyyətin əməkdaşları, Daşkəsən şəhər Yaşıllaşdırma İdarəsinin işçiləri, RİİB-nin könüllüləri və məktəblilər iştirak ediblər. Aksiya çərçivəsində Daşkəsən şəhərinin parklarındakı ağaclara quş yuvaları və yem qabları asılıb, yemliklərə dən tökülüb. Bununla yanaşı, “Daşkəsən” dəmir filizi sahəsi, eləcə də şəhərin yaşıllıq sahələrində şam ağacları əkilib. Yeni əkilən ağaclar suvarılaraq onlara qulluq göstərilib.
Qeyd edək ki, quş yuvalarını, peşə təhsili müəssisələri ilə əməkdaşlıq layihəsi çərçivəsində “AzerGold” QSC-nin sifarişi ilə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri hazırlayıb.
“AzerGold” QSC Daşkəsən rayonunda ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə belə aksiyaları mütəmadi olaraq keçirir. Belə ki, “Çovdar” mədəninin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox fidan hazırda mədən ərazisində aqrotexniki qaydalara uyğun olaraq yetişdirilir.