DAŞKƏSƏNDƏ “AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN ƏDƏBİ-BƏDİİ QAYNAQLARI”, “AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN ELMİ-FƏLSƏFİ VƏ İCTİMAİ-PUBLİSİSTİK QAYNAQLARI” KİTABLARININ TƏQDİMATLARI KEÇİRİLİB
Oktyabrın 17-də Daşkəsən Heydər Əliyev Mərkəzində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitablarının təqdimatı təşkil edilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, mədəniyyət işçiləri, kitabxanaçılar, din xadimləri və gənclər iştirak ediblər.
Təqdimat Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın 8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH-nin məsul işçisi Elmar Əliyev multikulturalizmin ölkəmizdə dövlət siyasətinin ən önəmli istiqamətlərindən biri olduğunu söyləyib, Azərbaycanda multikulturalizm sahəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, Azərbaycanda multikultural dəyərlərin çox qədim tarixi vardır. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub.
Elmar Əliyev vurğulayıb ki, təqdimatı keçirilən kitabların ərsəyə gəlməsində Prezident cənab İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri əsas götürülüb. Elmi redaktoru və ön sözün müəllifi akademik Kamal Abdullanın olduğu kitabların 3 hissədən ibarət olması nəzərdə tutulub. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlanan birinci hissə Azərbaycan dilində çap olunub, rus və ingilis dillərinə tərcümə edilib. Bu kitabda Azərbaycan yazarlarının əsərlərində multikultural ideyaların təcəssümü öz əksini tapıb. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir. Eyni zamanda, kitabın üçüncü hissəsi - “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” hazırlanır, bu ilin sonuna qədər çap olunması planlaşdırılır.
DQİDK-nin əməkdaşı Şahmar Verdiyev qeyd edib ki, həyat tərzi və dini görüşümüzdəki müxtəliflik Azərbaycanın mütəfəkkir və filosoflarının yaradıcılığında da əsas xətt kimi təzahür edir. İctimai-publisistik kontekstdə multikultural və tolerant ideyalar qabarıq şəkildə XVIII, XIX və XX əsrin əvvəllərində yaşamış filosof, tarixçi, maarifçi və mütəfəkkirlərin dünyagörüşlərində daha aydın görünür. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı antologiyada Azərbaycanın orta əsr alim və filosoflarından Bəhmənyar əl-Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Nəcməddin Naxçıvani, Seyid Yəhya Bakuvi, Məhəmməd Füzuli, Fətullah Şirvani və başqalarının yaradıcılığında əksini tapan multikultural baxışlar yer alıb.
Daşkəsən Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova isə bildirib ki, kitablarda Azərbaycanın multikultural dəyərləri, mədəni müxtəlifliyi ədəbi-bədii və fəlsəfi düşüncələrində öz əksini tapır. Məhz buna görədir ki, Azərbaycan multikulturalizmi ölkənin bütün ali təhsil müəssisələrində əsas fənlərdən biri kimi tədris olunur. Eyni zamanda, dünyanın 24 universitetinin tədris proqramında yer alır.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov kitablar haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir və sözügedən kitablar Azərbaycan multikulturalizminin öyrənilməsində gənclər üçün mühüm əhəmiyyət kəsb edir.
Tədbir müzakirələrlə davam edib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini