Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ AVQUSTUN 3-DƏ GÜCLÜ LEYSAN VƏ DOLU YAĞIŞLARI TƏBİİ FƏLAKƏTƏ SƏBƏB OLMUŞDUR

04 avqust 2022 | 17:57

Avqustun 3-də saat 21 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağışlarının yaratdığı sel-suları yenidən rayonun Alaxançallı, Almalı və Yolqullar kəndlərində keçid körpülərə, yollara, yaşayış evlərinə, evlərin dam örtüklərinə, əhalinin əkin sahələrinə ciddi ziyan vurmuş, bir sıra fəsadlar törətmişdir.

Məlumat üçün qeyd edək ki, cari ilin iyun ayın 10-da da Daşkəsən rayonuna yağmış intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Zinzahal, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə və vətəndaşların mal-qarasına ciddi ziyan vurmuşdur. Həmin ziyanların aradan qaldırılması istiqamətində işlər Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir.

Avqustun 3-də baş vermiş təbii fəlakət Alaxançallı kəndində dağılmış körpülərin yerində qurulan keçidləri tamamilə aparmış və bir çox ərazilərdə isə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanmışdır.

İnsan itkisi və xəsarət alan yoxdur.

Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə gələrək sakinlərlə görüşmüş, ilkin lazımi köməkliyi göstərmiş, leysan yağışının vurduğu ziyanların aidiyyəti qurumlarla birgə aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün tapşırıqlarını vermişdir.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər