Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilib
Avqustun 8-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhər Heydər Əliyev meydanında Aqrar Biznes Festivalı keçirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, digər dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri, fermerlər və toxum istehsalçıları təmsil olunublar.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Orxan Abbasov Festivalda giriş nitqi ilə çıxış edib. O, çıxışında deyib:
- Aqrar Biznes Festivalının Daşkəsən rayonunda təşkil edilməsinə görə başda Kənd Təsərrüfatı naziri hörmətli Məcnun Məmmədov olmaqla əməyi olan hər bir kəsə rayon ictimaiyyəti və öz adımdan təşəkkürümüzü bildiririk.
Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə Daşkəsən rayonunda da uğurla inkişaf edir. Daşkəsən rayonu dağ-mədən sənayesi ilə yanaşı, həm də kənd təsərrüfatı rayonudur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə Daşkəsən rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarının sayı ildən ilə artır və fermerlərə hər cür lazımi dövlət dəstəyi göstərilir.
Əminik ki, bu gün rayonumuzda keçirilən Aqrar Biznes Festivalı olduqca çox iqtisadi əhəmiyyətə malikdir və rayonumuzda, o cümlədən regionda aqrar sahəyə töhfəsini verəcəkdir. Çünki fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivalda fermerlərin əməkdaşlıq imkanları daha da genişlənir. Fermerlərin aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları və digər məsələlərlə bağlı sualları cavablandırılır. Sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı texnikalar, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunur. Habelə fermerlər və sahibkarlar bu sahədə olan yeniliklərlə əyani tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı əldə edirlər. Bundan başqa, festivalda kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olanlar tərəfindən müxtəlif məhsullar satışa çıxarılmışdır.
Bir daha da hər birinizə xoş gəlmisiniz deyirəm və festivalın işinə uğurlar arzulayıram.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında icra başçısı Orxan Abbasova festivalın təşkilində göstərdiyi dəstəyə, yaradılan şəraitə görə təşəkkürünü bildirib, tədbirin əhəmiyyətini vurğulayıb.
Festivalda iştirak edən dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimə dost texnika və texnologiyalar və onlardan istifadə qaydaları barədə məlumat verilib.
Müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Festivalda həmçinin alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları sərgilənib, eyni zamanda yerli fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilib.
Festival çərçivəsində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olub, aqrar sahənin prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən “Bitki xəstəliklərinə və zərərvericilərinə qarşı inteqrir mübarizə üsulları mövzusunda” təlim keçirilib.