DAŞKƏSƏNDƏ ANAMA MİNA VƏ PARTLAYICI SURSATLARIN TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ FƏALİYYƏTİNİ DAVAM ETDİRİR
İyunun 29-da Daşkəsən Rayon İcra Hakimiyyəti ilə Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi çərçivəsində Daşkəsəndə təlim keçirilib.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən maarifləndirmə təliminə mina və digər partlayıcı sursatların təsirinə məruz qalan və ya qalması ehtimal olunan Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Qaratağlar, Astaf, Zağalı, Qazaxyolçular, Qabaqtəpə, Alaxançallı, Zivlan, Təzəkənd, Pirverdilər, Kollu, Yolqullar və Çıraqlı kəndlərinin sakinləri cəlb olunub.
Qonaqları salamlayan Daşkəsən RİH-nin əməkdaşı Elxan Hüseynzadə Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin adından layihənin həyata keçilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Təlimatçılar Vidadi Məmmədzadə, Cavanşir Həsənov, Vüqar Yusifli və Bəxtiyar Səlimov təlim iştirakçılarına mina təhlükəsi və davranış qaydaları barədə geniş məlumat verib, kənd sakinlərinin suallarını cavablandırıblar.
Təlim çərçivəsində ANAMA-nın fəaliyyətinə dair sosial çarx və təhlükəli ərazilərin əlamətləri, mina xəbərdaredici işarələrin tanınmasını əks etdirən animasiya nümayiş olunub.
Sonda maarifləndirici vəsaitlər paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini