DAŞKƏSƏNDƏ ABİDƏLƏRİN TƏQVİM-KATALOQU HAZIRLANIB
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarix-memarlıq, həmçinin təbiət abidələrindən ibarət təqvim-kataloq hazırlanıb. Təqvim-kataloqun hazırlanmasında müvafiq məlumatların əldə edilməsinə Daşkəsən Rayon İcra Hakimiyyəti lazımi dəstək verib.
Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunun təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrinə malik qədim yaşayış məskənlərindən biri kimi təqdim etmək, abidələrin və ümumilikdə rayonun turizm potensialının təbliğinə töhfə verməkdir.
Bu məqsədlə yüksək keyfiyyət və nəfis tərtibatda hazırlanmış 2023-cü ilin təqvim-kataloqunda rayon ərazisində mövcud olan və özünəməxsusluğu ilə seçilən 12 abidənin fotosu və onlara dair məlumatlar əksini tapıb.
Layihənin davamı olaraq cari il ərzində rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli abidələrin mühafizəsi və tanıdılması məqsədilə məlumat lövhələrinin hazırlanıb quraşdırılması və “Daşkəsən abidələri” adlı kataloqun nəşr edilərək, geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini