Daşkəsəndə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü silsilə tədbirlərlə qeyd olunub.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayonu üzrə Gənclər və İdman sektoru ilə birgə fevralın 28-i və martın 5-i tarixlərini əhatə edən “İdman həftəsi” çərçivəsində bir sıra tədbirlər keçirib.
Belə ki, fevralın 28-də Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində Yunan-Roma güləşi idman növü üzrə nümunəvi çıxışlar təşkil olunub, məşqçi müəllim Zaur Həsənov ustad dərsləri verib.
Martın 1-də Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin aşağı sinif şagirdləri arasında ölkəmizin idman nailiyyətlərinə həsr olunmuş viktorina baş tutub.
Martın 2-də isə eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeniyetmə və gənc idmançıların iştirakı ilə Daşkəsən şəhəri ərazisində “İdman və ekologiya” adlı təmizlik aksiyası keçirilib.
Tədbirlərin yekunu olaraq 4-5 mart tarixlərində Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin idman zalında voleybel idman növü üzrə 8 komandanın gərgin rəqabəti şəraitində rayon birinciliyi yüksək fəallıqla yadda qalıb.
Birinciliyin açılışında Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Həsənov çıxış edib. O, çıxışında deyib:
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il 5 mart tarixi Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident cənab İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident cənab İlham Əliyevin ardıcıl fəaliyyəti, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, ölkəmizin Olimpiya və dünya çempionatlarında qazandığı medalların, nailiyyətlərin sayı ildən-ilə artır.
Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Xüsusilə 2023-cü il qazanılmış nailiyyətlər, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutdu. İdmançılarımız ötən ildə beynəlxalq yarışlarda ümumilikdə 1472 medal əldə etməklə Azərbaycan idman tarixində rekorda imza atıblar.
2023-cü ildən işğaldan azad olunmuş ərazilərimizdə də beynəlxalq turnirlərin təşkilinə start verildi. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turniri ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığını göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqətin ayrıldığının bariz nümunəsinə çevrildi.
Ötən il dekabr ayının 21-də xalqımız tarixi hadisəyə şahidlik etdi. 30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin və birinci xanım hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı ilk dəfə canlı izləmək şansı əldə etdi. Bu möhtəşəm hadisə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olundu. Xankəndi stadionunda keçirilmiş oyun həm də dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır! Bu möcüzəni, bu reallığı Azərbaycan xalqına Prezident cənab İlham Əliyev bəxş edib.
2024-cü ildə isə “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonu Azərbaycanın azad edilən torpaqlarında təşkil olunan birinci beynəlxalq yürüş oldu. Burada müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı Xankəndidən Bakıya kimi 380 kilometr məsafə qət etdi.
Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandılar. Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər İkinci Qarabağ müharibəsində iştirak etdi. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını bir daha sübut edir.
Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.
Samir Həsənov həmçinin Daşkəsən rayonu üzrə gənclər və idman sektoru tərəfindən cari ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və qarşıda duran vəziflər barədə də məlumat verib.
Tədbirlərdə çıxış edən yeniyetmə gənclər Heydər Əliyev ideyalarının Azərbaycanda uğurla həyata keçirilməsi üçün bütün gənclərimizi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırmışlar.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən “İdman həftəsi”nin sonunda rayonun ictimai həyatında, müxtəlif yarışlarda, mədəni-kütləvi tədbirlərdə fərqlənən bir qrup gənc fəxri diplomlara layiq görülüb.