Daşkəsəndə 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində Şəhidlər Xiyabanında təmizlik işləri aparılır, səliqə-səhman yaradılır
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb.
Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi diqqət çəkir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə böyük bir missiyanı yerinə yetirərək şanlı tariximizi yazdı. Xalqımızın hər bir nümayəndəsi öz Ordusuna inanır və gücünə güvənir.
Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Daşkəsən rayonunda 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində Şəhidlər Xiyabanında təmizlik işləri aparılır, səliqə-səhman yaradılır.