Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 20 Yanvar faciəsinin 34-cü ildönümü böyük ehtiramla yad olunub.

20 yanvar 2024 | 16:28

Sovet imperiyasının törətdiyi qanlı faciənin 34-cü ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və veteranları, rayon ictimaiyyətinin nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Daşkəsən Şəhidlər xiyabanını ziyarət ediblər.

Şəhidlərin xatirəsinə ehtiramlarını bildirmək üçün “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, şəhid məzarları önünə gül dəstələri düzülüb, onların əziz ruhuna dualar oxunub.

Hüzn Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edən nitq söyləyib.

V.Məmmədov qeyd etmişdir ki, 20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür. O qanlı gecədə sinələrini düşmən gülləsinə sipər edən, ən müasir silah-sursatla təchiz olunmuş imperiya ordusunun qarşısına əliyalın çıxan mərd oğul və qızlarımız Bakının ən uca zirvəsində salınmış, bu gün hər bir kəsin ziyarətgahına çevrilmiş “Şəhidlər xiyabanı”ında uyuyurlar. Bu gün hər bir vətəndaşımız Qalib Azərbaycanda yaşamasından qürur hissi keçirir. Bu qalibiyyətin əsasını da, şübhəsiz ki, qəhrəman 20 Yanvar şəhidləri qoydu. 

Vaxtilə Ulu öndər Heydər Əliyev bu barədə danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir.

1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İnsanlığa xas olmayan bu faciəyə ilk siyasi-hüquqi qiymət də Ulu öndər tərəfindən verildi.  Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Xalqın təkidi ilə müstəqil Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra Heydər Əliyev Sovet hakimiyyətinin 20 Yanvar cinayətinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

V.Məmmədov Ulu öndərin  siyasi kursuna sadiqlikdən söhbət açaraq deyib ki,  Heydər Əliyevin yolunu, siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli səhifədir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş şəhidlərimizin qanının yerdə qalmamasının təsdiqidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər