Daşkəsəndə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil olunub
Oktyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Mədəniyyət Mərkəzi ilə birgə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev giriş nitqində Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, dövlət müstəqilliyimizin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi ilə mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, müdrik uzaqgörən siyasəti və xilaskarlıq missiyası isə müstəqilliyimizi əbədi, dönməz, sarsılmaz etmişdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir və müasir müstəqil dövlətimiz inkişafının parlaq dövrünü yaşayır. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Azərbaycan xalqı 1991-ci ildən sonra bu bayramı indi tam fərqli, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib xalq kimi qürurla qeyd edir.
Çıxış edən Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva və digərləri Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin yorulmaz fəaliyəti nəticəsində ölkəmizin regionda lider dövlətə çevrildiyini, Azərbaycanın beynəlxalq miqyasda söz sahibi olan nüfuzlu müstəqil ölkə kimi tanındığını qeyd ediblər. O da vurğulanıb ki, taleyüklü və keşməkeşli zəngin müstəqillik tariximizin xüsusilə gənc nəslə aşılanması onların vətənpərvərlik ruhunda tərbiyəsi işində misilsiz əhəmiyyətə malikdir.
Sonda müzakirə aparılıb, videoçarx nümayiş etdirilib və məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.