Daşkəsəndə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.
Fevralın14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Sektorunun dəstəyi ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəsi Nərmin Məmmədzadə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilən “Kitabsevərlər” adlı tədbir keçirib.
Tədbirdə Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Elməddin Allahverdiyev, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin direktoru Aybəniz Vəliyeva və rayonun ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri iştirak ediblər.
Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəsi Nərmin Məmmədzadə hazırladığı “Kitabsevərlər” adlı layihə haqqında geniş təqdimatla çıxış edib və iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmorun adı ilə bağlıdır. İdeyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək, insanları həmin günü “Uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral tarixi “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Beləliklə, bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə göndərilir. Bununla da uşaqlarda kitaba məhəbbət yaranır, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci formalaşır.
Nərmin Məmmədzadə onu da vurğulayıb ki, kitab tükənməz bilik mənbəyidir. Kitabların həyatımızda rolunu qiymətləndirmək çox çətindir. Kitablar daxili dünyamızı zənginləşdirir, müxtəlif dövrlərə qərq olmağa imkan yaradır, kitablardan müxtəlif insanların taleyini, onların təcrübəsini və bəzən yeni nailiyyətlər üçün ilham alırıq. Dövrümüzdə - yüksək texnologiyalar dövründə internetdən istifadə edərək bizi maraqlandıran istənilən məlumatı heç bir səy göstərmədən dərhal əldə edə bilsək də, kitab hələ də ən yaxşı bilik mənbəyi olaraq qalır. Elektron kitabların rahatlığından nə qədər danışsalar da, “canlı” kağız kitabı və onun səhifələrinin xışıltısını heç nə əvəz edə bilməz və ənənəvi kitabın tərəfdarları həmişə çox olaraq qalacaqdır. Çünki insanlar əllərində kitab tutaraq canlı insanla ünsiyyətdə olduqları kimi xüsusi hisslər keçirirlər.
Tədbirdə həmçinin bir qrup şagird öz sevimli kitabları barədə fikirlərini bölüşüblər. Görüş mövzuya dair müzakirələrlə başa çatıb.