Daşkəsəndə 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda nəzəri-praktik tədbirlərlə qeyd olunub.
Martın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin “Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təsdiq etdiyi Tədbirlər Planı”na əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq rayonunun idarə, müəssisə və təşkilatlarında “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda nəzəri-praktik tədbir keçirilib.
“AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində keçirilən nümunəvi ümumrayon tədbirində Daşkəsən RİH-nin Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev, RİH-nin məsul əməkdaşları, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müşaviri Əli Əhmədov, Qızıl Aypara Cəmiyyətinin rayon nümayəndəsi Vasif Hüseynov, Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları, habelə rayonun mülki müdafiə xidmətlərinin rəisləri iştirak ediblər.
Dövlət himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi anılıb.
Birbaşa videobağlantı ilə tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində hər il keçirilən Ümumdünya Mülki Müdafiə Gününün məqsədi mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığı və maarifləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması, diqqətin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.
Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev RİHB-nin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun salamlarını çatdırdıqdan sonra Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə olduğu kimi Daşkəsəndə də əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mütəmadi olaraq lazımi tədbirlərin görüldüyünü qeyd edib, rayonda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açıb. Diqqətə çatdırıb ki, 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün əsası 1931-ci ilin mayında tibb xidməti generalı, fransız Corc Sent Pol tərəfindən Parisdə qoyulmuşdur. O, “Cenevrə regionu assosisasiyası”nı yaradaraq qurumun vəzifələrini və məqsədini müəyyənləşdirmişdir. Sonralar bu qurum Ümumdünya Mülki Müdafiə Təşkilatına çevrilmişdir. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Təşkilatın vəzifələrinə həm müharibə, həm də sülh şəraitində güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin xarakteristikası daxildir. Belə ki, əhalinin mühafizəsi – mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə olunan yerlərdə saxlanılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən istifadə edilməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsullarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Mülki Müdafiə Gününün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini, fövqəladə hallardan qorunmasını təmin etmək mülki müdafiə orqanları qarşısında mühüm vəzifə olaraq qoyulur. Qəzalar və fəlakətlər kimi fövqəladə halların qarşısının alınması, insanların hadisələr zamanı özlərini idarə etməsi məqsədilə maarifləndirmə işləri aparılır. Mülki Müdafiə Günü insanları təbii və ya texnogen xarakterli fövqəladə hallar zamanı ehtiyac duyacaqları təhlükəsizlik tədbirləri və mühafizə bacarıqları haqqında öyrənməyə çağırır. Mülki Müdafiə Gününün şüarı belədir: "Ən pisə qaneedici şəkildə hazırlaşdığımız müddətcə ən yaxşısına ümid edə bilərik".
Səsləndirilən çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsi sahəsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında danışılıb, mülki müdafiə sahəsində hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanıb.
Sonra fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisinə baxış keçirilib.
Tədbirin praktik hissəsində şərti “Yanğın” həyəcan siqnalı verilərək yanğın avtomobili cəlb edilməklə, yanğın su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğın avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraiti qiymətləndirilib. Xilasedicilər tərəfindən işçilər təxliyə olunub, “yaralılar”a ilkin tibbi yardım göstərilib.
Sonda mülki müdafiə sahəsində fərqlənən bir qrup şəxsə “AzerGold” QSC tərəfindən hədiyyələr təqdim olunub.