Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ BAYRAM TƏDBİRLƏRİ İLƏ QEYD OLUNUB

01 iyun 2023 | 12:50

İyunun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon üzrə Təhsil Sektorunun və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən rayon Heydər Əliyev Mərkəzinin qarşısında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda bayram tədbiri və yaradıcılıq festivalı keçirilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov, rayonun mədəniyyət müəssisələrinin kollektivləri, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov giriş nitqi ilə çıxış edərək əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.

Namiq Süleymanov çıxışında deyib:

- Azərbaycanda dövlət uşaq siyasəti xalqımızın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevirdi, onlara böyük qayğı göstərirdi. Azərbaycan uşaqlarının sağlamlığı, yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hazırda milli strategiyaya çevrilmişdir. Dövlətimizin uşaq siyasətinin başlıca məqsədi uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Bundan irəli gələrək uşaqların mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Ən əsası isə odur ki, respublikamızda uşaqlara qayğının dövlət səviyyəsində, yüksək şəkildə təşkili beynəlxalq aləmdə nümunəyə çevrilib.

Ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin daha böyük uğurlar əldə etməsində Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xidmətlərini xüsusilə qeyd etməliyik. Mehriban xanım Əliyevanın uşaqların müdafiəsi, müalicəsi, təhsili və inkişafı üçün irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi proqram və layihələr, gördüyü işlər ictimaiyyət tərəfindən daim böyük rəğbətlə qarşılanır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikamızın hər yerində olduğu kimi Daşkəsən rayonunda da uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsilinə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların  sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir,  yeni-yeni təhsil müəssisələri inşa olunur. Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Daşkəsən Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Rayonumuzda uşaqların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bundan sonra da yüksək səviyyədə davam etdiriləcəkdir.

Mən bir daha da uşaqlarımızın bayramını təbrik edirəm və onlara xoşbəxt, uğurlu həyat yolu arzulayıram.

Digər çıxış edənlər də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsindən, uşaqların hərtərəfli inkişafına göstərilən yüksək qayğıdan, uşaq hüquqlarının etibarlı təminatından bəhs ediblər.

Çıxışlardan sonra uşaqların ifasında milli rəqslər, vətənpərvərlik mövzularında şeirlər, çıxışlar və əl işləri təqdim olunub. Balaca fidanlar arasında əyləncəli oyunlar təşkil edilib.

Məlumat üçün onu da qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayonun qəsəbə və kəndlərindəki məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə uşaqların iştirakı ilə müxtəlif  bayram tədbirləri keçirilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər