Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Quliyev Elvin Amil oğlunun ad günü qeyd edilib.
İyulun 24-də Vətən müharibəsi şəhidi Quliyev Elvin Amil oğlunun rayon Şəhidlər Xiyabanında keçirilən ad günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilib, gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi zəfərdən, habelə şəhid Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söhbət açıb, şəhidin ailə üzvlərinə bir daha da rayon ictimaiyyəti adından başsağlığı verib.
Şəhidin atası Amil Qənbərov, anası Elnarə Quliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Quliyev Elvin Amil oğlu 2001-ci il iyulun 24-də Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. 2020-ci il oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. 02.10.2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Subay olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və ”Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.