DAŞKƏSƏN ŞƏHƏR UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ “20 YANVAR HƏQİQƏTLƏRİNİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Yanvarın 16-da “Heydər Əliyev İli” çərçivəsində Daşkəsən rayon Uşaq İncəsənət məktəbində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir Regional Mədəniyyət İdarəsinin Daşkəsən rayonu üzrə nümayəndəsi İsax Məmmədov giriş nitqində 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı danışıb. İsax Məmmədov qeyd edib ki, 33 il keçsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Çünki 20 Yanvar faciəsi həm də müstəqil Azərbaycan Respublikasının qurulmasında bir dönüş nöqtəsidir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Kənan Qurbanov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən böyük cəsarət və fədakarlıqla hüquqi və siyasi qiymət verildiyini diqqətə çatdırıb. Kənan Qurbanov 33 il əvvəl baş vermiş faciəli hadisələr barədə geniş məlumat verərək zaman-zaman xalqımızın azadlıq uğrunda mübarizələrdə faciələrlə qarşılaşdığını qeyd edib. Bütün bunlara baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində 2020-ci ildə Vətən müharibəsində xalqımızın düşmən üzərində qazandığı zəfərin möhtəşəm sevincini yaşadığını, dövlətimizin ərazi bütövlüyünün təmin olunduğunu bildirib.
YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Elşən Alıyev, Daşkəsən şəhər Uşaq İncəsənət məktəbinin direktoru Elxan Cabbarov, Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və digər çıxış edənlər də 20 yanvar gecəsi Azərbaycan xalqının göstərdiyi iradədən, qətiyyətdən, birlikdən, qəhrəmanlıqdan bəhs edərək vurğulayıblar ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verilməklə, şəhidlərin xatirəsi əbədiləşdirilib. Həmçinin qeyd olunub ki, Azərbaycan xalqına qarşı həyata keçirilən, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq 20 Yanvar faciəsi heç vaxt yaddaşlardan silinməyəcək.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini