Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Xoşbulaq kəndində Yaponiya Hökumətinin dəstəyi ilə çəkilmiş yeni içməli su xətti istifadəyə verilib

11 iyun 2024 | 12:56

İyunun 11-də Daşkəsən rayonunun Xoşbulaq kəndində Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”na əsasən “Daşkəsən rayonu Xoşbulaq kəndinin su təchizatının yaxşılaşdırılması” layihəsi çərçivəsində inşa olunmuş bulaqların açılış mərasimi keçirilib, 2 min nəfərdən çox kənd sakinin yararlanacağı yeni su xətti istifadəyə verilib.

Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vatanabe Katsuya, Yaponiya Səfirliyinin 1-ci katibi, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”nın rəhbəri Mori Satoşi, Yaponiya Səfirliyinin layihələr üzrə mütəxəssisi Kaşiro Meyi, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri Məleykə Əlizadə, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Yaponiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Səfir Vatanabe Katsuyaya Yaponiya hökumətinin dəstəyi ilə Xoşbulaq kəndinə ekoloji cəhətdən təmiz olan yeni su xəttinin çəkilişinə göstərdikləri dəstəyə görə Daşkəsən rayon ictimaiyyəti və öz adından minnətdarlığını bildirib. Vüqar Məmmədov çıxışında deyib:

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifah halı yüksəlib, xüsusilə  ölkəmizdəki  sabitlik,  sürətli  inkişaf  və  beynəlxalq  miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb.

Son illər rayonumuzda iri miqyaslı sosial layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə minlərlə sakinin yaşadığı avtomobil yolları əsaslı təmir olunmuş, körpülər salınmış, elektrik yarımstansiyaları, məktəblər, inzibati və yaşayış binaları inşa edilmişdir. Zəngin təbii sərvətlərə və füsunkar təbiətə malik Daşkəsəndə də çoxsaylı layihələr uğurla icra edilməkdədir.

Bu gün sizin iştirakınızla rayon ərazisində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə reallaşdırılan 3-cü layihənin – “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsindəXoşbulaq kəndinin içməli su təchizatının yaxşılaşdırılması” layihəsinin başa çataraq kənd sakinlərinin istifadəsinə verilməsi münasibətilə keçirilən açılış mərasiminə toplaşmışıq.

Bugünkü açılış tədbirində Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vatanabe Katsuya iştirak edir. Bu, cənab Səfirin rayonumuza ilk səfəridir. Ümid edirəm cənab Səfir Daşkəsən rayonunu hər zaman xoş təəssüratlarla xatırlayacaq.

Bildiyiniz kimi Yaponiya höküməti tərəfindən ölkəmizdə sosial məsələlərin inkişafına yönələn qrant layihələr  icra edilməkdədir. Onlardan ikisi Daşkəsən rayonunda uğurla icra edilərək başa çatmışdır. Yaponiya hökumətinin qrantı hesabına 2013-cü ildə rayonun Quşçu kəndində, 2017-ci ildə isə rayonun Yuxarı Daşkəsən qəsəbəsində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə  yeni su xətləri çəkilərək istifadəyə verilmişdir.

Hesab edirəm ki, bu əməkdaşlığın davam etdirilməsinə ehtiyac var. Çünki bu cür layihələr insanların sosial-iqtisadi həyatlarına müsbət təsir etməklə yanaşı, eyni  zamanda olkələr və insanlar arasında əlaqələrin daha da genişlənməsi ilə nəticələnir. Ümid edirik ki, Yaponiya hökumətinin maliyyə dəstəyi hesabına rayonumuzda insanları narahat edən və həlli vacib digər sosial layihələrin icrasına nail olacağıq və biz əminik ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi bu layihələri dəstəkləməyə biganə qalmayacaqdır.

Yaponiyanın ölkəmizdəki səfiri Vatanabe Katsuya çıxışında Xoşbulaq kənd sakinlərini layihənin uğurla başa çatması münasibətilə təbrik edərək onlara firavan həyat arzulayıb. Diplomat Azərbaycanla Yaponiya arasında bütün sahələr üzrə əlaqələrin getdikcə genişləndiyini qeyd edərək Azərbaycanda təhsil və səhiyyə sahələrində, kənd yaşayış məntəqələrinin sosial məsələlərinin həllində reallaşdırılan qrant layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri Məleykə Əlizadə mürəkkəb dağ relyefi şəraitində həyata keçirilmiş layihənin əhəmiyyətindən və gələcəkdə nəzərdə tutulan digər işlərdən danışıb. Vurğulayıb ki, layihə Azərbaycanda 2024-cü ildə başlayan “Yaşıl dünya naminə həmrəylik ili”nə və bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29-a verilmiş bir töhfədir.

Məleykə Əlizadə həmçinin məlumat verib ki, Xoşbulaq kəndinin içməli su ilə bağlı problemlərini həll etmək məqsədi daşıyan layihə əsasında 24 kilometr uzunluğunda su xətləri çəkilib, 40 tonluq su anbarı tikilib, 10 çıxışlı 4 ədəd suötürücü və 4 ədəd bulaq quraşdırılıb.

Xoşbulaq kəndinin sakinləri adından çıxış edən Saleh Qurbanov yeni su xəttinin çəkilməsinin sakinlər tərəfindən böyük sevinc hissi ilə qarşılandığını vurğulayıb və bu işdə zəhməti keçən hər bir kəsə minnətdarlıq ifadə edib.

 Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ilə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya rəmzi qırmızı lenti kəsərək bulağın açılışını ediblər.

Təntənəli açılış mərasiminin sonunda xatirə şəkli çəkilib.

Keçidlər