Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə sahəsində metodik toplantı keçirilib

13 sentyabr 2023 | 16:41

Sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil sektoru ilə birgə rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin mülki müdafiəyə dair bilik və bacarıqlarını artırmaq məqsədilə metodik toplantı təşkil edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik-leytenant Rauf Abbasovun  və Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyevin apardığı metodik toplantıda Elm və Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinifləri üçün hazırladığı mülki müdafiə fənninin proqramı, məşğələ cədvəlləri, proqramda nəzərdə tutulmuş mövzular üzrə plan konspektlər və elektron tədris vəsaitləri müəllimlərə paylanıb.

Toplantıda əsas diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktik məşğələlər zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına yönəldilib, müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodik tövsiyələr verilib.

Tədbir iştirakçılarına fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə  zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunub. Habelə Fövqəladə Hallar Nazirliyinin müxtəlif struktur, bölmə və qurumlarının fəaliyyətini əks etdirən videoçarxlar və digər əyani materiallar nümayiş etdirilib.

Sonda şərh edilmiş mövzular ətrafında müzakirə aparılıb və müəllim heyətinin sualları Mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Keçidlər