Daşkəsən rayonunun ümumtəhsil məktəblərində müxtəlif fiziki aktivlik tədbirləri keçirilir
Fiziki aktiv olmaq və sağlam həyat tərzi sürmək xüsusilə yeniyetmə orqanizmi üçün əvəzolunmaz həyati əhəmiyyətə malikdir. Yeniyetmə və gənclər arasında yayılan piylənmə, ürək-damar xəstəlikləri və depressiyaya qarşı ən effektiv profilaktika metodlarından biri olduğuna görə aktiv fiziki həyat tərzi Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən əlaqədar qurumlarla birgə rayonun ümumtəhsil məktəblərində də mütəmadi təbliğ və təşviq olunur.
Rayonun 5-17 yaş qrupunda olan uşaq və yeniyetmələri üçün fiziki aktivliyə dair tədbirlər məktəb və rayondaxili yarışlar, idmanla məşğul olma, oyunlar, gəzinti və maarifləndirmə dərslərindən ibarətdir.
Hər gün səhər toplantılarında rayonun ümumtəhsil məktəblərində fiziki tərbiyə və ya gənclərin çağırışaqədərki hazırlıq müəllimlərinin rəhbərliyi altında şagirdlərin səhər gimnastikası ilə məşğul olması isə artıq ənənə halını almışdır.
Müşahidələr göstərir ki, gündəlik 60 dəqiqədən az olmayaraq orta intensivlikdə müxtəlif fiziki aktivlik formaları ilə məşğul olmaları şagirdlərin gümrahlığını, sağlam sümük quruluşuna sahib şəkildə böyümələrini təmin edir, habelə fiziki sağlamlığı yerində olan uşaqlar məktəbə daha sıx gəlir və dərslərinə daha yaxşı diqqət ayıra bilirlər. Çünki fiziki aktivlik əzələ toxmasını, xüsusilə ürək-damar və tənəffüs sistemi əzələlərini, habelə sümükləri möhkəmləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır, yıxılma, həmçinin boyun, qalça, onurğa zədələnmələri riskini azaldır, enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.