Daşkəsən rayonunun ümumtəhsil məktəbləri arasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib
25-26 sentyabr tarixlərində Daşkəsən Rayonunun İcra Hakimiyyətinin, rayon Gənclər və İdman Sektorunun, rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayonun 6 ümumtəhsil məktəbinin komandaları arasında rayon üzrə voleybol birinciliyi keçirilib.
Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışın məqsədi ekologiyanın və ətraf mühitin mühafizəsinin gənc nəsil arasında təbliği, habelə rayonda voleybol idman növünün inkişaf etdirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov yarışı izləyib, mükafatlandırma mərasimində iştirak edib, yarış iştirakçılarına və qalib komandalara uğurlar arzulayıb.
Gərgin mübarizə şəraitində keçən turnirdə oğlanlardan ibarət 8 komanda gücünü sınayıb.
Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbin komandası birinci, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin komandası ikinci, Aşağı Daşkəsən kənd G.İsmayılov adına tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Sonda qalib komandalar kubok və fəxri fərmanlarla mükafatlandırılıb.