Daşkəsən rayonunun Qazaxyolçular kəndində sakinlərin müraciətləri dinlənilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün kənd və qəsəbələrdə sakinlərin səyyar qəbul görüşləri keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul rayonun Qazaxyolçular kəndində keçirilib.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov sakinlər qarşısında çıxış edərək bildirib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütöv Azərbaycanda keçirilən Zəfər titullu seçkidə seçicilərin mütləq əksəriyyəti respublikamızı hərtərəfli inkişaf etdirən, onu tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızı azadlığına qovuşduran, ərazilərimizdə erməni separatizminə son qoyan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə səs verdi. Xalq son iki yüz illik tariximizdə qazandığımız ən böyük qələbələrin müəllifi olan cənab İlham Əliyevi yekdilliklə dəstəkləyərək, həm də Azərbaycanın yeni uğurlara aparan parlaq gələcəyinə səs verdi, Müzəffər Sərkərdəsinə ümumxalq sevgisini bir daha izhar etdi.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla, respublikanın hər bir bölgəsində prezident seçkiləri yüksək səviyyədə təşkil olundu. 72 nüfuzlu beynəlxalq qurum və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçinin qatıldığı prezident seçkilərində 3 ixtisaslaşmış təşkilat tərəfindən "exit-poll" keçirildi. "Exit-poll"ların nəticələrinin MSK-nın rəsmi nəticələri ilə üst-üstə düşməsi onu deməyə əsas verir ki, prezident seçkiləri tam demokratik şəkildə həyata keçirilib.
Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında 7 fevral prezident seçkilərində səsvermənin nəticələrinə dair protokol imzalandı və bununla da cənab İlham Əliyevin prezident seçkilərindəki qələbəsi qurum tərəfindən təsdiq edildi.
Fevralın 13-də isə Konstitusiya Məhkəməsində 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxıldı.
Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul etdi.
Qərara əsasən Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edildi.
Fevralın 7-də keçirilən Zəfər seçkisi rekord göstəriciləri, ilkləri ilə tariximizə qızıl hərflərlə yazıldı. Həmin gün seçicilər layiqli namizədlərinə səs vermək üçün yüksək fəallıq nümayiş etdirərək seçki məntəqələrinə axın etdilər. Ümumilikdə, ölkə üzrə seçicilərin 76,43 faizinin səsvermədə iştirak etməsi, eyni zamanda cənab İlham Əliyevin əhalinin 92.12 faiz səsini qazanaraq qalib olması rekord göstəricilər kimi tariximizə yazıldı. Bunlar həm də milli birliyimizin rəqəmlərlə bir daha nümayişi oldu. Ölkənin dörd bir yanında seçkiyə bayram əhvali-ruhiyyəsində, milli qürur hissi ilə qatılan soydaşlarımız onun adını qalib xalqa çevirən, başını uca edən Müzəffər Sərkərdəsi İlham Əliyevə yekdilliklə səs verdi.
7 fevral Zəfər seçkisində xalqımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin timsalında uzaqgörən siyasəti, mükəmməl hərbi taktikası, diplomatik bacarığı ilə bir vətəndaş, bir dövlət başçısı kimi xalqı, ölkəsi naminə üzərinə götürdüyü mənəvi öhdəlikləri layiqincə yerinə yetirərək Şuşa, Xankəndi zəfərləri çalan, erməni separatçılarından Xocalının qisasını alan - Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirən Qalib Liderini dəstəklədi.
Xalqın bu milli birliyi, həmrəyliyi, Azərbaycanı zirvələrə yüksəldən cənab İlham Əliyevin ətrafında sıx birləşməsi düşmənlərimizə də bir mesaj, gözdağı oldu.
V.Məmmədov çıxışı zamanı sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra müraciət üçün söz kənd sakinlərinə verilib.
Kənd sakinləri ərazidən sahibsiz itlərin yığışdırılması, ərazidəki asfalt yola sürət həddinin azaldılması üçün maneələrin quraşdırılması, elektrik dayaqlarının yerinin dəyişdirilməsi və yararsız naqillərin SİP kabellə əvəzlənməsi, güclü külək zamanı evinin dam örtüyünə dəyən zərərin qarşılanmasına kömək, məktəbdə işlə təmin olunma, ərazidə tibb məntəqəsinin tikintisi və digər məsələlər ilə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.