Daşkəsən rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşlarına vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi ilə bağlı təlim növbəti təşkil edilib.
Fevralın 23-də Daşkəsən rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və müvafiq qurumların əməkdaşlarına vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi ilə bağlı təlim keçirilib.
RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri sahəsində ötən müvafiq dövrdə görülmüş işləri və qarşıda duran vəzifələri qeyd edib. Tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təlimin keçirilməsində əsas məqsədlərdən biri Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 23 sentyabr 2020-ci il tarixli 1160 nömrəli Fərmanının 8-ci bəndinin, yəni yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi ilə bağlı işlərin rayon ərazisində vaxtında və düzgün yerinə yetirilməsidir.
Daşkəsən rayon Qeydiyyat Şöbəsinin rəisi Ceyhun Qurbanov mövzu ilə bağlı çıxışında vurğulayıb ki, hüquq və vəzifələrinin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.
Müzakirə şəraitində keçən təlimdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar, doğumun, nikahın və ölümün dövlət qeydiyyatı ilə bağlı məlumatların müvafiq informasiya sisteminə ötürülmə forması nümayəndəliklərə bir daha əyani izah edilib, suallar cavablandırılıb, qarşıda duran vəzifələr müəyyən olunub.