DAŞKƏSƏN RAYONUNUN İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARINDA FİZİKİ AKTİVLİK PROQRAMLARI HƏYATA KEÇİRİLİR
Daşkəsən Rayon İcra Hakimiyyəti rayon Gənclər və İdman İdarəsi və rayon mərkəzi xəstəxanası publik hüquqi şəxslə birgə rayonunun idarə, müəssisə və təşkilatlarında gündəlik fiziki aktivlik proqramlarının keçirilməsini təşviq edir.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın 9.2.1-ci bəndinin icrası çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi iş yerləri üçün fiziki aktivlik proqramlarını, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası gün ərzində iki dəfə aerobika və əzələlərin möhkəmləndirilməsi üzərində qurulur.
Daşkəsən rayon mərkəzi xəstəxanasının direktoru Mizrəkərim Tağıyev bildirib ki, işçilər üçün fiziki aktiv olmaq stress hallarının minimuma endirilməsi, diqqətin artması, iş məhsuldarlığının yüksəlməsi, qeyri-aktivliklə bağlı xroniki xəstəliklər riskinin azalması və sağlamlığın yaxşılaşması, iş-həyat balansının tənzimlənməsi baxımından zəruridir.
“İş yerində necə fiziki aktiv olmalıyıq?” sualına cavabında Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov: ”Fiziki aktivliyin ən sadə yolu bir neçə dəqiqə ərzində bədənə əsasən dartılma hərəkətlərinin edilməsidir” – deyə tövsiyə verib.
Fiziki aktivlik proqramlarının tətbiqinin nəticələrinə dair rayonun iş yerlərinin rəhbər vəzifəli şəxsləri ilə söhbətlər zamanı məlum olub ki, sözügedən proqramın uğurla icrası işçilərin əhval-ruhiyyəsinə müsbət təsir etməklə onlarda komandada işləmək vərdişlərini daha da möhkəmləndirir, habelə gündəlik işin keyfiyyətini yüksəldir.
Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası davam etdiriləcəkdir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini